Səhiyyə Nazirliyi: Xırdalanda binada baş verən partlayış nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib

Xırdalanda binada partlayış baş verib, iki nəfərin xilas edilməsi işləri davam etdirilir.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, stansiyanın həkim briqadası tərəfindən hadisə zamanı xəsarət almış 2 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb.
 
Bundan əlavə, Xırdalan şəhər Təcili Yardım Stansiyasının əməkdaşları tərəfindən daha 5 nəfərə ilkin tibbi yardım göstərildiyi bildirilib.
XXX
FHN əməkdaşının Trend-in hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər dağıntılar altından çıxarılıb, daha 4 nəfərin xilas edilməsi istiqamətində isə iş aparılır. Hazırda onların dağıntılar altından çıxarılması üçün tədbirlər davam etdirilir.
XXX
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu dəqiqələrdə dağıntılar altından daha bir nəfər - 9 yaşlı Ayxan (soyadı dəqiqləşdirilir) çıxarılıb. O xilas edilərək xəstəxanaya göndərilib.
Bununla da artıq 5 nəfər dağıntılar altından çıxarılaraq xilas edilib.
XXX
Azərbaycan Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar ilkin rəsmi məlumatını açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, hadisə ilə əlaqədar 8 nəfər zərərçəkən xəstəxanaya yerləşdirilib. Həmin xəstələrin 1-i Sumqayıt Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə, 2 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Onlardan biri artıq evə buraxılıb. KTM-ə gətirilən xəstələrdən bir uşaq Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfər isə KTM-də müalicəsini davam etdirir.
Bu dəqiqəyə qədər hadisə nəticəsində ölən yoxdur.
XXX
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
Hal-hazırki vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru