Səud rejimi və Qərb Yəməndə kartlarını açmağa məcbur oldu - ANALİZ

Yəmənin paytaxtı Sənanın beynəlxalq aeroportu hava zərbələrinə məruz qalıb. əl-Dulaimi aviabazası da raket atəşinə tutulub.
 
Məlumata görə, hərbi əməliyyatlarda Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla Fars körfəzinin 10 ölkəsi iştirak edir.
 

Yəməndə xalq inqilabından sonra qurulan müvəqqəti hökumətin nümayəndələri bəyan ediblər ki, ölkəyə qarşı istənilən hər hansı bir təcavüz cavabsız qalmayacaq.

 

Hadisə ilə bağlı dərhal Vaşinqtonda mətbuat konfransı keçirən Səudiyyə səfiri Adel Cubeyr Körfəz Ölkələrindən ibarət müttəfiqlərin "qanuni hökuməti müdafiə etmək və qorumaq" iddiası ilə hücuma başladıqlarını iddia edib. O, hücumlara Yəmənin eks-prezidenti Abdurabbu Mənsur-Hadinin təklifi ilə başladıqlarını da bildirib. A.Cubeyr Hadinin yeri haqqında hər hansı məlumat verməkdən imtina edib. "Biz devrilən Yəmən hökumətini qorumaq üçün nə lazımdırsa, edəcəyik", - deyə səud səfiri A.Cubeyr iddia edib.
 
O, bildirib ki, onların hərbi əməliyyatlar təklifi ABŞ tərəfindən qəbul edilib və dəstəklənir. A.Cubeyr açıqlayıb ki, Amerika Birləşmiş Ştatları hərbi əməliyyatlarda iştirak etməsə də, rəsmi Vaşinqton bir sıra açıqlanmayan yardımlar edir. Onun sözlərinə görə, hazırda körfəz koalisiya qüvvələrinin əsas missiyası Husilərin əsas mövqlərini bombalamaqdır, lakin şəhərlərin sayına məhdudiyyətlər qoyulmayıb.
 
Gəlin görək, Yəməndə illər əvvəl nə baş verib.
 
Hələ 1962-ci ildə Yəməndə üsyançıların başçısı Abdullah Əs-Səllal, Zeydi şiələri kimi tanınan böyük Əl-Husi qəbiləsinin dini rəhbərlərinə qarşı müharibə aparmağa qalxmışdı. Buna görə, o, Misirin sabiq prezidenti Camal Əbdün-Nasirdən kömək istəmişdi.
 
Camal Əbdün-Nasir həmin gecə müdafiə naziri general Əbdül-Həkim Amiri çağıraraq ona əmr verir ki, Yəmənə 3 piyada qoşunu göndərsin. 70 minlik ordu Yəmənə daxil olur. 8 il Yəməndə (1962-1970-ci illər arası) Husilərə qarşı döyüş aparan Misir ordusu artıq 1967-ci ilin iyun ayında ağır məğlubiyyətlə üzləşdiyinin fərqinə varır. Hansısa bir üsyançının xahişi ilə Yəmənə qoşun yeridən Misir hökuməti 8 ildən sonra 27 mindən artıq əsgərini itirərək geri dönür.
 
Və bu gün. 
 
Yəməndə Husilərin başçılığı ilə diktaturaya qarşı baş vermiş xalq inqilabı. Həmişə olduğu kimi demokratik dünya adlandırdığımız kəsim, marağına uyğun olmayan belə bir xalq inqilabını qəbul edə bilməzdi və bilmədi də. 
 
Demokratiyanı əsas prissipləri hesab edən təşkilatların mövqeləri hər zaman olduğu kimi, yenə də birmənalı deyil. İkili standartlar Yəmən məsələsində də özünü göstərir. Son 10 ilin siyasi proseslərinə nəzər salsaq, demək istədiklərimiz tam aydınlaşar. Liviyada Qəzzafi hökumətinə, Misirdə Mübarək, daha sonra Mursi hökumətinə, Suriyada Əsəd hökumətinə, Ukraynada Yanukoviç hökumətinə qarşı ayağa qaldırılanlar xalq hərəkatı adlandırıldı, amma Yəməndə diktatura rejiminə qarşı qalxanlar silahlı üsyançılar və qanuni hakimiyyəti devirənlər adlandırılır. Orta Şərqdə baş verən inqilablara neçə illərdir səssiz qalan Səudiyyə rejimi, Yəməndə öz kartlarını açmaq məcburiyyətində qaldı. Dəstəklədiyi rejimin xalq tərəfindən devrilməsini həzm edə bilmədi.
 
Qərb ölkələri də xalq inqilabının ilk günlərindən səfirliklərini bağladı, əllərində alətə və zopaya çevrilən BMT Təhlükəsizlik Şurası tələsik qətnamə qəbul edərək, diktator Mənsur Əl-Hadinin geri qayıtmasını tələb etdi.
 
Digər tərəfdən, Səudiyyə Ərəbistanı daxili problemlərini xaricə çıxarmağa çalışan Misir hökumətindən, bu ölkə ilə Yəmən arasındakı sərhəd bölgəsinə 25 minlik qoşun göndərməsini istədi və özü də sərhədə qoşun yığdı.
 
Bütün bunlar onu göstərir ki, həm Qərb dünyası və həm də onların regionda olan diktator müttəfiqləri öz müxalifləri olan Yəmən xalqını nəyin bahasına olursa olsun boğmağa çalışırlar.
 
Hazırda Əbdül-Fəttah Əs-Sisi tarixdən dərs çıxarmayaraq sələfi Camal Əbdün-Nasir kimi səhv addım atıb.
 

Fars Körfəzi ölkələri ildə Sisiyə görə Misirə 14 milyard dollar yardım edir. Yəqin ki, məhz bu ianələrin qarşılığını onlar bu kimi təhlükəli oyunlardan gözləyirlər.
 
Bundan əlavə unutmaq olmaz ki, Misirin daxilində hələ də kifayət qədər gərgin və ciddi problemlər qalmaqdadır. Devrilmiş president Məhəmməd Mursinin tərəfdarları hər an fürsət gözləyirlər. İndiki halda Misirin Yəmənə müharibə elanı bu tərfdarların fəallaşması ilə nəticələnə bilər.
 
Yəmənə qarşı hücuma qalxan ölkələrdən biri də Bəhreyndir. O Bəhreyn ki, 1 milyon 300 min əhalisi var və onun da 60 faizi Kral rejimindən narazı şiələrdir. Və hazırda hər cümə ölkədə təməl insane haqlarının təmin olunması istəyi, həbsdə olan şiə ruhanilərin azadlığı üçün çoxminlik aksiyalar keçirilir. Belə bir vəziyyətdə Bəhreynin Yəmənə qarşı müharibəyə qoşulması da gözlənilməz nəticələr verə bilər.
 
Hər halda 160 mindən artıq könüllüsü olan Husilər və onları dəstəkləyən Yəmən xalqının əksəriyyəti ilə üz-üzə gəlmək Misirin timsalında bütün ölkələr üçün faciəvi ola bilər. (faktxeber.com)

Google+ WhatsApp ok.ru