Səhiyyənin bərbad vəziyyətinə daha bir sübut

Ölkə səhiyyəsindəki bərbad vəziyyətlə bağlı 100-lərlə yazı yazmışıq. Bundan sonra da bu mövzunu diqqətdə saxlamağı özümüzə borc bilirik. Çünki, br ölkənin gələcəyi, inkişafı, zəmanəti həmin ölkədəki təhsil və səhiyyənin səviyyəsindən asılıdır. Azərbaycanda isə hər iki sahədə ürək ağrıdan proseslər gedir.
 
Səhiyyənin vəziyyəti o qədər ağırdır  ki, xırda müayinə üçün də insanlar ölkə xarcinə üz tuturlar. Müalicə üçün Iran və Gürcüstana üz tutuanların sayı 100 minlərlə ölçülür. Həkim səhlənkarlığı, yanlış diaqnozlar, keyfiyyətsiz və bahalı dərman preparatları, savadsız kadrlar ölkə səhiyəsinə etimadı sıfıra endirib. Heç kim analizlərin cavabına inanmır. O qədər sağlam adamları əməliyyata yazıblar ki, adamlar həkimə müraciət etməyə də qorxur. Amma tez-tez hansısa poliklinikanın, diqanostika mərkəzinin, xəstəxana binasının tikintisi haqda eşidirik və bunu səhiyyənin inkişafı kimi qələmə verirlər. Ümumiyyətlə, bu ölkədə bütün sahələrin inkişafı həmin sahə üzrə tikintilərin getməsi ilə əlaqələndirilir. Amma nəticə göstərir ki, bu dəbdəbəli binaların içində dəbdəbəli xidmət yoxdur.
 
Azərbaycan səhiyyəsinin bu qədər bərbad vəziyyətdə olmasına baxmayaraq ölkə baçısı bugünlərdə Səhiyyə nazirinə “Şöhrət” ordeni verdi. Yəni, hökumət etiraf etmək istəmir ki, bu ölkədə səhiyyə rəhmətə gedib. Bugünlərdə dünyasını dəyişən jurnalist Rasim Əliyev həm də ölkə səhiyyəsinin qurbanına çevrildi. Belə faktlar kifayət qədərdi və insanların ölkə səhiyyəsindən imtina etməsi üçün xeyli səbəbləri var.
 
 
Amma 2 gün öncə yayılan xəbər ölkə səhiyyəsinin hansı vəziyyətdə olduğunu bir daha təsdiqlədi. Belə ki, xalq artisti Habil Əliyev ağciyər xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkdiyi üçün Mərkəzi Klinikaya yerləşdirildi. Verilən ilkin məlumatlara görə xalqa artistinin vəziyyəti kritik olub. O da məlum oldu ki, ölkə başçısı Ilham Əliyev də sənətkarın müayinə və müalicəsini  öz nəzarətinə götürüb, konkret tapşırıqlar verib. Amma sonradan məlum oldu ki, Habil Əliyevin müayinəsi üçün Türkiyədən həkim çağırılıb. Allah sənətkarımıza şəfa versin.
 
Amma bu hadisənin özündə də acınacaqlı reallıq yatır. Bu ölkədə normal bir həkim tapılmır və Türkiyəyə müraciət etmək zərurəti yaranır. Hətta ölkə başçısı da ölkədə normal həkim tapa bilmir. 22 illik analoqsuz inkişafın nəticəsində bir nəfər standartlara cavab verən kardioloq yetişmədi? Mərhum prezident Heydər Əliyevdən tutmuş, PA rəhbəri Ramiz Mehdiyevə qədər bütün dövlət adamları öz sağlamlıqlarını ölkə səhiyyəsinə etibar etməyib. Vəzifəli şəxslər Almaniya, Israil, ABŞ kimi ölkələrə üz tuturlar.
 
Indi Habil Əliyevlə bağlı qəbul olunan qərar da göstərir ki, Azərbaycan səhiyyəsi tamamən iflic vəziyyətdədir. Heç bir risqli əməliyyatın, dəqiq müayinənin məsuliyyətini üzərinə götürmək istəyən tapılmır. Bu ölkədə “səhiyyə” deyəndə  ölkəyə keyfiyyətsiz dərmanlar gətirib, 10 qat bahasına vətəndaşa satmaq nəzərdə tutulur. Məhz səhiyyənin bərbad vəziyyətinə görə də ölkə əhalisi xəstəxanalardan, apteklərdən kənarlaşa bilmir.
 
Bizi qərəzdə, uğurları görməməkdə ittiham edənlər. Bir də bu fakta nəzər salsınlar. Hakimiyyəti mədh etmək, yaltaqlıq nümunələri yaratmaq sizi həyati təhlükədən sığortalamır. Ölkə səhiyyəsinin iflic vəziyyətdə olması hər bir vətəndaş üçün təhlükə deməkdir.
 
Ona görə də məddahlıqdan əl çəkib “niyə bu ölkədə müayinə üçün həkim tapılmır?” sualına cavab axtarmaq lazımdı. Hamı müayinəsini və müalicəsini xarici ölkələrdə edəcəksə,  Səhiyyə Nazirliyinə, dəbdəbəli xəstəxanalara nə ehtiyac var? azadliq.info/ 

Google+ WhatsApp ok.ru