`Sədəqə yoxsulun əlinə çatmamışdan öncə, Allahın əlində qərar tapır`

İslam dinində Allah yolunda sədəqə vermək, kasıbların köməyinə yetişmək üstün və xeyirli əməllərdən hesab olunur. Bu barədə Qurani-Kərimdə də kifayət qədər ayələr mövcuddur. Lakin məsələnin diqqət çəkən digər tərəfləri bundan ibarətdir ki, mübarək Ramazan ayında sədəqə verməklə bağlı daha çox çağırış edilir. İstər müqəddəs ayın günlərində, istərsə də Qədr gecələrinə getməzdən öncə ehtiyacı olanlara sədəqə verilməsi ciddi şəkildə tövsiyyə olunur.
 
 Bəs görəsən  insanın taleyini və həyatı müqəddaratını həll edən mübarək və müqəddəs Ramazan ayında sədəqə mövzusuna bu dərəcədə diqqət çəkilməsinin səbəbi nədir?
 
Mövzunu ruhani alim Qədir Məmmədovla müzakirə etdik. İlahiyyatçı bildirib ki,  İslam dini cəmiyyətdə yaşayan zəif və imkansız təbəqələrə kömək etməyə böyük önəm verir:  “ İslam dini təbəqələşmə və yoxsullaşmanın aradan qaldırılması üçün insanlara bir sıra öhdəçiliklər təyin edir. Dini təlimlər ilk növbədə cəmiyyətdə baş verən yoxsullaşmanın kökünü araşdırmağa sövq edərək insanları bu problemlərin həllinə çağırır. İnsanlara bu düşüncəni aşılayan dini təlimlər cəmiyyətdə yoxsulluğun aradan qaldırılması üçün bir sıra yollar göstərir. O yollardan biri də sədəqə vermək , yoxsullara əl tutmaq və imkansızlara yardım etməkdən İbarətdir. Sədəqə verməyin savabı və önəmi barədə bir çox ayə, rəvayət və hədislər vardır. İmam Sadiq (ə) buyurur: "Sədəqə yoxsulun əlinə çatmamışdan öncə Allah Taalanın əlində qərar tapır." Elə bu səbəbdən də rəvayət olunur ki, İmam Baqir (ə) sədəqəni yoxsula verdikdən sonra ondan geri alıb, öpər, iyliyər və sonra ona qaytarardı.
 
Qədir Məmmədovun sözlərinə görə, Mübarək Ramazan ayında sədəqə vermək daha çox təkid olunur: “Allah Rəsulu (s) buyurur: “Hər kəs bu ayda bir mömünə iftar verərsə, Allah yanında bir qulu azad etmək və keçmiş günahlarının bağışlanması qədər savabı vardır”. Bu ay Allah Taalanın rəhmət və bağışlanmaq ayıdır. Bu ayda yoxsul və kasıblara əl tutmaq bir növ onlarla birgəlik nümayiş etdirməkdir. İnsan bu aya fərdi şəkildə daxil olsa da, sonda bir cəmiyyət kimi bu aydan çıxmalıdır. Allah qonaqlığı adlanan bu ibadət müsəlman və mömin olan hər bir fərddə öz təsirini göstərməlidir. Bunun nəticəsi olaraq hər bir müsəlman İslam dünyasında baş verən siyasi, ictimai, iqtisadi və s... hadisələr qarşısında öz mövqeyini nümayiş etdirməlidir. Elə bu səbəbdən də Allah Taala fərdi şəkildə bu ibadətə daxil olan müsəlmana sonda zəkat fitrəsini vacib edərək onu ictimailəşdirir. Fərdi şəkildə bu aya daxil olan hər bir müsəlman ayın sonlarında Qüds günündə mövqeyini göstərərək ictimailəşir. Elə bu səbəbdən də mübarək Ramazan ayında Sədəqə vermək, yoxsulun əlindən tutmaq və əzilmiş insanların kənarında olmaq bu qədər önəm daşıyır”. (İslaminSesi)

Google+ WhatsApp ok.ru