Sərmayə qoymağa qürbət ölkə

Sərmayə qoymağa qürbət ölkə

"Novoye Vremya" qəzetində "Yerli kurortlar investorlara sərf etmir" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda ölkədəki kurort zonalarının vəziyyəti və bu sahədəki problemlər dəyərləndirilir.
 
Müəllif vurğulayır ki, Azərbaycanın bəzi şirkətləri xarici ölkələrdə kurort zonalarına sərmayə qoyurlar. Azərbaycanın özündə isə bu proses hiss edilmir:
"Onların bu sahə üzrə Azərbaycanda da alternativləri var, amma bura sərmayə qoymağa tələsmirlər. Baxmayaraq ki, Azərbaycanda sanatoriya və bu tipli obyektlərin sayı ilbəil azalmaqdadır. 7 il öncə 80 belə obyekt var idi, indi onların sayı 68-ə enib".
 
Yazıda bildirilir ki, bir çox xarici ölkələrdə kurort zonalarında sərmayə qoyuluşuna əlverişli şərait yaradılır.
 
Müəllif vurğulayır ki, Azərbaycanda bütün sanatoriya-sağlamlıq obyektləri hələ də Həmkarlar İttifaqları Konfederasiyasının balansındadır. Onlar da ildə 20-30 min putyovka sata bilmək kimi bir arzu ilə yaşayır.
 
Yazıda bildirilir ki, 2016-cı ildə cəmi 16 minə yaxın putyovka satılıb. 2017-i ildə də elə bir artım olacağı gözlənilmir.
 
Müəllif hesab edir ki, sanatoriya-sağlamlıq mərkəzlərində də qiymətlər heç də ucuz deyil:
"Başqa sözlə, Azərbaycan investorları da, turistləri də yerli yox, xarici sanatoriya-sağlamlıq kurortlarını seçirlər. Odur ki, valyuta xaricə axmalı olur".
 
Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycan hökuməti sərmayəçilərə nə qədər ki, əlverişli şərtlər təklif etmir, vəziyyət dəyişməyəcək. /

Google+ WhatsApp ok.ru