Sərhədsiz Reportyorlar Mehman Əliyevin saxlanmasını pislədi

Sərhədsiz Reportyorlar Mehman Əliyevin saxlanmasını pislədi

“Onun yeganə cinayəti ölkənin sonuncu müstəqil media orqanına rəhbərlik etməsidir”
 
Sərhədsiz Reportyorlar Təşkilatı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanılmasını pisləyir və “vergidən yayınma” ittihamını qondarma hesab edir.
 
“Amerikanın səsi” yazır ki, təşkilat bəyanatında M.Əliyevin həbsini rejimin müstəqil media orqanına qarşı “təqib kampaniyasının eskalasiyası” kimi qiymətləndirib.
 
Mehman Əliyevə qarşı basqıların avqustun əvvəlindən başladığını vurğulayan təşkilat “vergidən yayınma və səlahiyyətlədən sui-istifadə etmə” ittihamlarını, eləcə də Vergilər Nazirliyinə çağrılmasını xatırladır.
 
“Hökumət ona görə “Turan”a təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər” - Sərhədsiz Reportyorların Şərqi Avropa və Orta Asiya bölməsinin rəhbəri Yohann Bihr deyib.
 
O, Mehman Əliyevi Azərbaycanda jurnalizmin pionerlərindən biri hesab edib:
“Onun yeganə cinayəti ölkənin sonuncu müstəqil media orqanına rəhbərlik etməsidir. Biz onun dərhal azad edilməsini və “Turan”a qarşı bütün ittihamların geri götürülməsini tələb edirik”.
 
Avqustun 7-də başlanmış cinayət işində iddia olunur ki, “Turan” son bir neçə ildə qazandığı gəlirlərin məbləğini gizlədib. Sərhədsiz Reportyorlar istintaq işini xəbər agentliyinə qarşı yönəlmiş təqib əməli kimi pisləyib.
 
Məhkəmə növbəti 48 saat ərzində Mehman Əliyev haqda həbs- qətimkan tədbirinin seçilməsi, yaxud onun sərbəst buraxılması haqda qərar qəbul etməlidir. /

Google+ WhatsApp ok.ru