Səhiyyə Nazirliyi faciəli hadisə barədə son duruma aydınlıq gətirib

Səhiyyə Nazirliyi faciəli hadisə barədə son duruma aydınlıq gətirib

Xəstəxanaya gətirilən uşaqların ən kiçiyi 3, böyüyü isə 13 yaşında olub

Ötən gün Abşeron rayonunun Goradil qəsəbəsinin sakinləri, 41 yaşlı Elnarə Aslanova və onun 7 övladı dəm qazından zəhərlənməyə görə, Respublika Kliniki Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.
 
Maide.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya gətirilən uşaqların ən kiçiyi 3, böyüyü isə 13 yaşında olub: "Artıq ana və uşaqları evə buraxılıb. Anada aşağı dərəcəli zəhərlənmə aşkarlanıb".
 
"Lazım olan bütün tədbirlər görülüb. Uşaqlarda da zəhərlənmə halı aşkarlanıb. Onların mədəsi yuyulub. Ambulator müalicədən sonra ana və uşaqları evə buraxılıb" - deyə Nazirlikdən bildirilib.
 
Qeyd edək ki, ötən həftə dəm qazından zəhərlənmə ilə bağlı 16 müraciət daxil olub, onlardan yeddisi xəstəxanaya yatırılıb. Zəhərlənənlər arasında azyaşlılar da olub. 
 
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, dəm qazından zəhərlənən iki azyaşlı 4 və 5 yaşlarında olub.
 
"Xoşbəxtlikdən dəm qazından zəhərlənənlər arasında dünyasını dəyişən olmayıb" – deyə A.Maqsudov əlavə edib.
 
Baş həkim dərman zəhərlənməsi haqda da danışıb. Onun sözlərinə görə, ötən həftə ərzində dərman zəhərlənməsi ilə bağlı müraciətlər daxil olub: "Bir həftədə 6 nəfər dərman zəhərlənməsi müraciəti ilə daxil olub. Bu dərmanlar soyuqdəymə zamanı qəbul edilən və antidepressant hesab edilən vasitələr olub. Zəhərlənməyə səbəb isə dərmanın dozadan artıq qəbuludur".
 
"Ötən gün də bir ana 7 uşağı ilə müraciət etmişdi. Anada yüngül dərəcədə dəm qazından zəhərlənmə aşkarlansa da, uşaqlarda bu hal müşahidə edilməyib" - deyə baş həkim əlavə edib.
 

Google+ WhatsApp ok.ru