Sənədsiz evlər problemi

Sənədsiz evlər problemi

Hurriyyet.org saytında «Əmlak Komitəsi evlərin rəsmiləşdirməsinə süni əngəl yaradır-Nazim Bəydəmirli» sərlövhəli yazı oxumaq olar.
 
Müəllif Bakıda sənədsiz evlər problemini keçmiş deputat, işadamı Nazim Bəydəmirli ilə müzakirə edib.
 
Yazıda qeyd edildiyinə görə, bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, prezidentin tapşırığına əsasən, sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb və bu məsələ bütün ölkə üzrə birdəfəlik həllini tapacaq.
 
Müəllif iddia edib ki, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədsiz evlərin sayı 700 mindən çoxdur.
 
Keçmiş deputat Nazim Bəydəmirli isə mövzu ilə bağlı sayta bunları deyib: «Bələdiyyələr yarandıqdan sonra qeyri-qanuni hesab edilən torpaqlarda evlər tikilib. Ancaq hesab edirəm ki, bu tikilən evlər, əslində, qeyri-qanuni deyil. 2000-ci ildən bəri ölkə əhalisinin, yəni Bakıda qeydiyyatda olmayan əhalinin təqribən yarısından çoxu Bakının ətraf rayonlarında məskunlaşıb. Bunların hamısının kökündə duran səbəblər rayon icra hakimiyyəti başçılarının bələdiyyələrin əli ilə bu torpaqları satmasıdır».
 
N.Bəydəmirli iddia edib ki, vaxtilə Abşeron rayonunun kolxoz və sovxozlarının pay torpaqları yaşayış məqsədilə satılıb, burada da söhbət mənimsəmələrdən gedir.
 
Keçmiş deputata görə, indi vətəndaş xüsusi komissiya olmadan da mülkiyyətində olan torpaq sahəsində tikdiyi evi rəsmiləşdirə bilər. Onun fikrincə, buna süni əngəl yaradan Əmlak Məsələləri Dövlət Komitəsidir: «Vətəndaşın süründürməçiliyə məruz qalmaması və əlavə xərclərinin çıxmaması üçün bu məsələ kökündən həll olunmalıdır. Yəni burada gündə bir dənə komissiyaya ehtiyac yoxdur».
 
Deputat qeyd edib ki, dövlət torpaqlarına sərəncamları 2000-ci ilə qədər icra hakimiyyətləri verib və bunun sayı-hesabı yoxdur. O vurğulayır ki, həmin dövrdə bu məsələlərlə bağlı ildırım sürətli sərəncamlar verilib: «Mən bir araşdırma aparmışdım, o sərəncamların sayı o qədər çox idi ki, hər saniyəyə 8 dənə sərəncam imzalamışdılar... Əslində, Bakının torpaqları bu yollarla mənimsənilib».
 
N.Bəydəmirlinin fikirlərinə Əmlak Məsələləri Dövlət Komitəsindən münasibət almaq mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru