Səndən yetimlər haqqında soruşanlara belə söylə...

Səndən yetimlər haqqında soruşanlara belə söylə...

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 220-ci ayəsində buyurur:

فِي الدُّنْيَا وَالآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلاَحٌ لَّهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاء اللّهُ لأعْنَتَكُمْ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ

“(Düşünün) dünya axirət haqqında. (Ya Rəsulum!) Səndən yetimlər haqqında soruşarlar. De ki, onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatından ayırmasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah əhlini fəsad əhlindən ayırd edir. Allah istəsəydi sizi zəhmətə salardı. (Göstəriş verərdi ki, yetimlərə himayədarlıq edərkən onların malını öz malınıza qatmayasınız. Amma Allah belə etmir.) Həqiqətən, O, yenilməz qüdrət hikmət sahibidir.”

“Fid-dünya vəl-axirəti” ibarəsi iki şeydən birinə işarədir:

1. Bu cümlə infaq məsələsinə aid ola bilər. Yəni sizin infaqınız dünya və axirət asayişiniz üçün olsun. Bütün malınızı xərcləməyin ki, dünyada əziyyətə düşəsiniz. Xəsislik də etməyin ki, axirət savabından məhrum olasınız. (Mərhum Qumşeyinin tərcüməsi.)

2. Bu cümlə öncəki ayənin sonunda işarə olunmuş təfəkkürə də aid ola bilər. Yəni insan dünya və axirət məsələləri haqqında düşünsün və axirəti üçün bu dünyadan bir şey qazansın. İnsan yaranış, varlıq aləminin sirləri, hakim qanunlar haqqında düşünməli, məsələləri bacardığı qədər əql və düşüncə əsasında qəbul etməlidir. Hərçənd bir əqidənin qəbulu üçün bütün sirlərdən xəbərdar olmaq şərt deyil. (“Əl-mizan”.)

Təfsirlərdə bildirilir: “Nisa” surəsinin 10-cu ayəsi nazil olanda və yetimin malının yeyilməsi od yeyilməsi ilə bir tutulanda, evində yetim olanlar narahat oldular. Bəziləri yetimləri evlərindən çıxardılar, bəziləri isə onların qab-qacağını ayırdılar. Belə ki, yetimlər və onlara himayədarlıq edənlər üçün çətinlik yarandı. Belələri Peyğəmbərin (s) hüzuruna gəlib yetimlərlə rəftar haqqında soruşurdular. Peyğəmbər (s) onların suallarını belə cavablandırırdı: Yetimlərin işlərini yoluna qoymaq onları uzaqlaşdırmaqdan üstündür. Malınızın onların malına qatılmaması üçün onları özünüzdən uzaqlaşdırıb, bu məsuliyyəti çiyninizdən atmamalısınız. Onlar sizin din qardaşlarınızdır. Onların malına tamah olmayan yerdə öz malınızı həmin mala qatmağın eybi yoxdur. Bilin ki, Allah fəsad əhlini islah əhlindən seçir.”

Bildirişlər

1. Dünya və axirətə diqqətsiz olmayın, onlar haqqında düşünün.

2. Yetimlərdən uzaqlaşmaq məsləhət deyil. Əksinə, xeyir və tamahsız bir niyyətlə onlarla yaxınlıq məsləhətdir.

3. Yetimlərə istənilən cür kömək dəyərlidir. Ayədə islah sözü ümumi şəkildə işlədilmişdir. Burada həm maddi, həm elmi, həm əməli, həm tərbiyəvi, həm də dini islah nəzərdə tutulur.

4. Yetimlər bizim nə qulumuzdur, nə övladımız. Onlar bizim kiçik qardaşlarımızdır və bizim özümüzdəndir.

5. Bu işdə nə ifrat, nə də təfritə yol verin. İslah adı ilə yetimlərin malını yeməyin, fəsad qorxusundan onlardan uzaqlaşmayın. Allah islah əhlini fəsad əhlindən seçir.

6. Allahın bizim düşüncə və niyyətlərimizdən xəbərdar olduğunu bilsək, fəsad və xilafa yol vermərik.

7. İslamda gücdən yuxarı vəzifə yoxdur.

8. Göstərişlərdəki asanlıq hikmətə əsaslanır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 220-ci ayələrin təfsiri.)

Maide.az

 

 

Google+ WhatsApp ok.ru