Sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ

Sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ

-- 9-dan 12-dək şimal-qərb küləyi güclənəcək

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 9-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və aşxam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində avqustun 9-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək.
 
Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq.
 
Azərbaycanın rayonlarında avqustun 9-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
 
Tibbi-meteoroloji proqnoza görə, avqustun 9-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperatur rejiminin iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Bakıda və Abşeron yarımadasında avqustun 9-dan 12-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
 
Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti avqustun 11-i axşamadək davam edəcək.

Google+ WhatsApp ok.ru