Sabiq aparat rəhbərinin təcridxanada səhhəti pisləşib - ciddi xəstəliklər aşkar edilib

Sabiq aparat rəhbərinin təcridxanada səhhəti pisləşib - ciddi xəstəliklər aşkar edilib

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun səhhətində daha bir neçə xəstəlik aşkarlanıb.

Bu barədə Trend-ə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib.

Vəkil bildirib ki, V.Zeynalov təcridxanada əsasən bel və omba ağrıları, fəqərə yırtığından əziyyət çəkirdi. Son vaxtlarda isə onda ürək döyüntüləri artıb və şəkər xəstəliyi aşkarlanıb. Hazırda V.Zeynalovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi barədə hazırlıq görülür. Yaxın vaxtlarda o, müalicə müəssisəsinə köçürülə bilər.

Qeyd edək ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. /

Google+ WhatsApp ok.ru