Sabiq prezidentlər məhkəmədə üz-üzə - Video

Sabiq prezidentlər məhkəmədə üz-üzə - Video

Misirdə vəzifələrindən uzaqlaşdırılmış sabiq prezidentlər Hüsnü Mübarək və Məhəmməd Mursi məhkəmədə üz-üzə gəliblər.
 
Maide.Az “Euronews”a istinadən xəbər verir ki, Mübarək Mursinin mühakimə olunduğu “Həbsxanalar basqını” məhkəmə işi ilə bağlı şahid olaraq ifadə verib.
 
90 yaşlı Mübarək məhkəməyə oğulları Ala və Camalla birlikdə gəlib.
 
Həmin prosesdə Mursidən başqa daha 27 nəfər mühakimə olunur.
 
Qeyd edək ki, H.Mübarək 30 illik hakimiyyətindən sonra 2011-ci ilin fevralında inqilab nəticəsində postundan ayrılmaq məcburiyyətində qalıb. 2012-ci ilin iyununda hakimiyyətə gələn M.Mursi isə 2013-cü ilin ortalarında general Əbdülfəttah əl-Sisi tərəfindən “taxtdan” endirilib.
 
Mursi 2012-ci ildəki nümayişlərdə xalqı şiddətə təşviq etməkdə ittiham edilərək 20 il, gizli sənədləri Qətərə verdiyi üçün isə əlavə 25 il həbs cəzasına məruz qalmışdı. Daha sonra haqqında edam hökmü çıxarılsa da, Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib, 26 fevral 2017-ci ildən etibarən yenidən mühakimə olunmağa başlayıb.
 
H.Mübarək isə 6 il həbsdə qaldıqdan sonra 2017-ci ildə sərbəst buraxılıb.

Google+ WhatsApp ok.ru