Sabirabadda nə baş verir?

DİN: “Ölkədə kriminal duruma fasiləsiz nəzarət olunur”

Son günlər Sabirabad rayonunda insanlar arasında müəyyən təşviş yaşanır.  Maide.az-ın məlumatına görə, sabirabadlılar arasında söz-söhbət yayılıb ki, guya bir qrup vahabi rayona gəlib. Onlar Sabirabadda Rəmzi Cavanşir adlı şəxsin saqqalının qırxılmasına etiraz ediblər. Guya həmin şəxslər polislərlə də insident yaradıblar. Deyilənlərə görə, həmin şəxslər rayonda mərkəzi bazarın və bəzi obyektlərin partladacaqlarını bildiriblər. 
 
Məsələ ilə bağlı rayon polis şöbəsindən isə deyilənlərin hamısının şayiə olduğunu bildiriblər. Deyirlər ki, rayonda insanlar arasında bəzi fikirlər yayılsa da, sakinlərin narahatlığına heç bir əsas yoxdur. Çünki hazırda rayonda sakitlikdir. İctimai əsayiş hüquq-mühafizə orqanları tərəfindən tamamilə nəzarətdədir.
 
Deyilənlərə tam aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun ANS-ə verdiyi məlumata görə, yayılmış fikirlərin hamısı uydurmadır.
 
“Kimlərsə qarışıqlıq yaratmaq istəyir. Yayılan söz-söhbətin hamısı əsassızdır. Hazırda Azərbaycanda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Ölkədə kriminal duruma fasiləsiz nəzarət olunur. Bir daha söyləyirəm, Sabirabadda yayılan məlumatlar tamamilə əsassız və uydurmadır”, - deyə Ehsan Zahidov bildirib.

Google+ WhatsApp ok.ru