Sabirabadda yanğın olub, bir ailənin beş üzvü yanaraq ölüb

Azərbaycanın Sabirabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib. 
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Qaratuğay kəndində Rzayevlər ailəsində məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.
 
Hadisə bu gün səhər saat 6.30 radələrində baş verib.
 
Faktla bağlı araşdırma aparılır.
 
FHN də hadisə ilə bağlı məlumat yayıb.
 
Məlumata görə, Sabirabad rayonunun Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
 
Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.
 
Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru