Sabunçuda onlarla ailənin həyatı təhlükədə! - FOTOLAR

Sabunçuda yaşayan onlarla ailənin həyatı təhlükədədir. Çünki onların yaşadığı evlərin altında olan qayalığın bir hissəsi bir neçə gün əvvəl uçub. Burada elə vəziyyət yaranıb ki, hətta adicə yağış da hər an böyük faciəyə səbəb ola bilər. Aidiyyəti qurumlar isə hələ ki, heç bir tədbir görmür.

Bir neçə gün əvvəl Sabunçu rayonu ərazisində, dəmiryolu vağzalının yaxınlığında olan qayalığın bir hissəsi uçub. Qayalıqların üzərində tikilmiş evlərdə yaşayan sakinlər bu üzdən təşviş içindədir. Onlar evlərinin hər an uça biləcəyindən qorxur.

Haqqında danışdığımız ərazi Sabunçu dəmiryol vağzalından 200-300 metr məsafədə yerləşir. Bir neçə cərgə dəmiryolu relslərinin keçdiyi bu ərazinin hər iki tərəfi hündür qayalıqdır. Qayalıqların üstündə isə onlarla fərdi yaşayış evi tikilib.

Həmin evlərin sakinlərinin virtualaz.org saytınınmüxbirinə verdiyi məlumata görə, qayalığın bir hissəsi hələ 3-4 həftə əvvəl uçub. Növbəti uçqun isə bir neçə gün əvvəl baş verib. Buna görə də qayalıqların arasından keçən 3 dəmiryolu xəttindən biri - uçqun baş verən əraziyə daha yaxın olan xətt bağlanıb. Artıq həmin xətdə qatarların hərəkətinə icazə verilmir. Uçqunlar baş verəndən sonra dəmiryolunun bu hissəsindən keçən qatarlar sürət həddini də maksimum azaltmağa məcbur olub.

Narazı sakinlərin sözlərinə görə, uçqunlara səbəb yağışların yağması və ərazidən keçən qatarların yaratdığı vibrasiyadır.

"Yağış yağanda burada xırda sürüşmələr olur. Torpaq və qayalıq boşalır. Qatarlar hərəkət edərkən isə evlər möhkəm silkələnir. Həmçinin evlərin altında olan qayalar da tərpənir. Burada əvvəllər də xırda uçqunlar olurdu. Amma budəfəki uçqun böyük oldu, çox təhlükəlidir. Növbəti uçqun burada çox böyük faciəyə, hətta çoxsaylı insan tələfatına səbəb ola bilər” - deyə təlaş içində olan sakinlər bildirir.

Qeyd edək ki, bu dəmiryol xətlərindən gün ərzində Sumqayıta qatarlar hərəkət edir. Moskvaya gedən qatarların da bir hissəsi bu yoldan keçir. Bu yollar gün ərzində bir neçə yük qatarını da ötürür.

Sakinlərin sözlərinə görə, indi bu dəmiryol xətlərindən bir neçə il əvvəl olduğu kimi intensiv istifadə edilmir. Əvvəllər buradan daha çox qatar keçirmiş, indi isə yox.

Virtualaz.org saytının müxbiri sakinlərin şikayəti ilə bağlı qeyd edilən ərazidə olub. Buradakı mənzərə həqiqətən də dəhşətlidir. Ərazidə olan evlər necə deyərlər, uçurumun düz kənarındadır. Burada baş verəcək növbəti belə uçqun daha böyük faciəyə səbəb ola bilər.

Uçqun zonasında maraqlı bir faktın da şahidi olduq. İlk uçqun baş verəndə relslərin üzərinə tökülən iri qaya parçaları dəmiryolçular tərəfindən yük qatarının vaqonlarına yığılıb. Həmin yük qatarı isə həftələrdir Sabunçu vağzalında gözləyir. İkinçi uçqundan sonra isə heç bir iş görülməyib.

Sakinlərlə söhbətimizdə o da bəlli oldu ki, məlum hadisələr baş verəndən sonra aidiyyəti qurumlardan heç kim əraziyə gələrək vəziyyətlə, burada yaşayan insanların taleyi ilə maraqlanmayıb.

Uçurumun bir addımlığında yaşayan insanlar heç bir təhlükəsizlik tədbirlərinin görülməməsindən narahatdır. Bir neçə gündür yağan yağışlar onların qorxu və narahatlığını birə-beş artırıb.

Vəziyyət isə təkcə təhlükəli olmaqla qalmır, həm də ağırlaşır. Bu insanlar ya bu evlərdən köçürülməlidir, ya da hansısa təhlükəsizlik tədbirləri görülməlidir. Əks halda baş verəcək növbəti uçqun dəhşətli faciəyə səbəb ola bilər.

İş günü olmadığından sakinlərin şikayətini müvafiq qurumlara - Sabunçu Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və "Azərbaycan Dövlət Dəmir Yolları” ASC-yə çatdıra bilmədik. Onların da mövqeyini işıqlandırmağa çalışacağıq.

Google+ WhatsApp ok.ru