Sabunçu olaylarına görə tutulanlara bəraət istənilir

Sabunçu olaylarına görə tutulanlara bəraət istənilir

-- Apellyasiya Məhkəməsinin onlar barəsində çıxardığı qərardan kassasiya şikayəti verilib

 Sabunçu olaylarına görə tutulanlardan Sahil Rzayev və digər 5 nəfərə bəraət istənilir. Vəkilləri Bakı Apellyasiya Məhkəməsinin onlar barəsində çıxardığı qərardan kassasiya şikayəti veriblər.
 
Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.
 
«Hesab edirik ki, aşağı məhkəmələrin onların barəsində verdikləri qərarlar qanunsuz və əsassızdır. Buna görə Ali Məhkəmədən onlara bəraət verilməsini istəmişik», - vəkil deyib.
 
Vəkilin bildirdiyinə görə, kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasında icraata qəbul edilib. Şikayətə hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə heyəti noyabrın 28-də baxmalıdır.
 
«Müsəlman Birliyi» Hərəkatının üzvləri olduğu deyilən Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Sabunçu olaylarına görə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.
 
Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün azadlıqdan məhrum edib.
 
Mayın 8-i Bakı Apellyasiya Məhkəməsi S.Rzayev və digərlərinin apellyasiya şikayətini rədd edib.
 
Qeyd edək ki, 2015-ci ilin noyabrında - Nardaran hadisələrindən əvvəl, «Müsəlman Birliyi» Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb.
 
Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Onların bəziləri iğtişaşlarda günahlandırılaraq həbs edilib.
 
Sabunçu olayları bir növ Nardaran olaylarının başlanğıcı sayılır.
 

Google+ WhatsApp ok.ru