Sahibkarların yoxlanılması rəsmən dayandırıldı

Milli Məclisin bu gün keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi müzakirə olunub.
 
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib.
 
Onun sözlərinə görə, qanun layihəsinə sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır.
 
Daha sonra sənəd səsə qoyularaq qəbul olunub.
 
Qanun layihəsi 4 maddədən ibarətdir.
 
Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub.
 
Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.
 
Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.
 
Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Google+ WhatsApp ok.ru