Sakin: `Kanaldan ilalar çıxır, adam baxanda vahimələnir`

Sakin: `Kanaldan ilalar çıxır, adam baxanda vahimələnir`

"Üstüaçıq kanaldan ətrafa üfunət yayılır. Bu vəziyyət illərdir ki, davam edir. Kanal evlərimizin qarşısından keçir deyə, uşaqlar elə kanalın yan-yörəsində oynayırlar. Üstü açıq olduğundan neçə dəfə adam düşüb, son anda ölümdən xilas etmişik. Ancaq onu da deyim ki, burda torpaqları satanda hamını aldadıblar, eynən mənim kimi..."
 
“HƏŞƏRAT QIRMAQDAN CANA DOYMUŞUQ”
Bir neçə il əvvəl Hüseynağa Cəlilov Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində ev alanda ona bildirilər ki, yaxınlıqdakı kanal yaxın 1-2 ildə qurudulacaq. Ancaq sonradan bəlli olub ki, bələdiyyə və icra hakimiyyəti "müştərini qaçırmamaq üçün" bu sözü ortaya atıb.
 
10 ildən çoxdur ki, H. Cəlilov və ailəsi kanalın üfunətini ciyərlərinə çəkə-çəkə yaşayır. Ancaq bu zülmə düşən təkcə onlar deyil, yüzlərlə ailə eyni əzabı paylaşır:
"Kanalizasiya sistemi qurulmayıb. Halbuki, icra hakimiyyəti hər ilin əvvəli söz verir ki, ilin sonunadək bu problem həllini tapacaq. Ətrafda nə qədər müəssisə varsa, hamısının çirkabı kanalla düz evimizin həndəvərindən axıdılır. Kanalın üstü açıqdır deyə, zülm çəkirik. İndi yaydır, əzabımız birə beş artıb. Evdə həşərat qırmaqdan cana doymuşuq. İlana, kərtənkələyəcən gəlir evlərimizə. Kanaldan ilanlar çıxır ki, adam baxanda vahimələnir. Hanı bunların parkı, yaşıllığı? İnsanları aldadıb yer satıblar, insanlara cəhənnəm əzabı yaşadırlar, bunu Allah da götürməz..."
 
“ADAMLAR ALDANDI”
Bu vəziyyət, əsasən, 1-ci mədən, 43-cü korpus ərazisində hökm sürür. Çirkab sular kanal vasitəsilə insanların sıx yaşadıqları həmin əraziyə axıdılır. Əsasən, yağışlı günlərdə kanal daşır və çirkab sular evlərə dolur.
 
Ərazidə yaşayan Qılman Əkbərov deyir, ahıl yaşlarda olan anası, iki yaşlı qızı xəstəliyə tutulub:
"Gündən günə yaşayış artır, yaşayış artdıqca kanala axıntı da güclənir. Bu da həyatımıza təhlükəlidir. Kanala görə evlərimizdə nəmişlik, rütubət hökm sürür. Anam və qızım xroniki astma-bronxitə tutulub, qonşunun uşağı vərəmə... Buralar tamamilə sağlamlığa zərərli yerlərdir. Təəssüf ki, o vaxt biz burda ev tikəndə məmurların yağlı vədlərinə aldandıq. Bizi aldatmışdılar ki, bu kanal tezliklə ləğv olunacaq, kanalizasiya xətləri çəkiləcək. Hələ görüntü üçün gətirib buralara kanalizasiya boruları da tökmüşdülər. Adamlar da buna aldandılar. İndi ilan, kərtənkələ, az qala, ağzımıza girir".
 
“GÖRÜRDÜLƏR Kİ, ORDA KANAL VAR”
Sakinlər kanalın qurudulması üçün hökumətə müraciət ediblər. Binəqədi rayon icra hakimiyyətindən bildirilib ki, ərazidəki vəziyyətdən xəbərdardırlar. Qeyd olunan ərazilərdə kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulub:
"Onlar çoxdan tikilən evlərdir və adamlar ev tikəndə görürdülər ki, orada kanal var. Yəni bunu şüurlu şəkildə ediblər. İcra hakimiyyəti torpaq satan qurum deyil. Torpaqlar əvvəlki bələdiyyələrin vaxtında satılıb, evlər də əvvəlki icra başçılarının vaxtında tikilib. Ancaq "Azərsu" ASC ərazidə qarşıdakı illərdə kanalizasiya xətlərinin çəkilməsini nəzərdə tutub".
 
Görünür, sakinlərə kanalın ləğv olunacağı günədək ilandan, kərtənkələdən və beyinçatladan üfunətdən qorunmaq qalır. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru