Sakinlər narazılıq edir, icra hakimiyyəti isə...

...Düz 1 il əvvəl - mayın 19-da Bakı səhəri dəhşətli xəbərlə açdı. Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvandakı binada baş verən yanğın nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər dünyasını dəyişdi, 50-dən çox sakin ağır xəsarətlər aldı.

Bina təmir ediləndən sonra bir çoxları mənzilini dəyər-dəyməzə sataraq köçüb. Əzizlərinin ölümünə səbəb olmuş o evə qayıtmaq istəməyiblər.

 

...Bu gün - o dəhşətli faciənin ildönümündə sakinlər binanın önünə toplaşaraq ölənlərin xatirəsini anıblar. Binaya gedən yola qərənfillər düzülüb, tüstüdən boğularaq dünyasını dəyişən balaca Fərəhin oynadığı oyuncaqlar düzülüb, şam yandırılıb. Ötüb keçənlərin “Burda nə baş verib?”, “İnsanlar niyə toplaşıb” suallarına təəssüflü baxışlarla dua oxunub.

 

“Torpağın üzü soyuq olur. Faciə çox tez unuduldu”, - bina sakinlərindən biri deyir.

 

Binanın ətrafında qazıntı işlərinə başlanılıb. Əraziyə qum tökülüb, binaya gedən digər yolda isə pilləkənlərin üzərinə daşlar yığılıb, üstəlik əraziyə tökülən su ətrafı keçilməz edib.

 

“Dünən ətraf təmiz idi. Bu gün hər yerə qum tökülüb, daş qoyulub. Guya ki, kimsə burda təxribatla məşğul ola bilər”. Bunu isə sakinlərdən biri deyir. Sonra bir qadın Binəqədi Rayon İcra Hakimiyyətinin sakinlərə yaratdığı şəraitdən razılıq etməyə başlayır. “Sağ olsunlar, bütün şəraiti yaratdılar. Bizim heç bir problemimiz yoxdur”. Qadının sözləri toplaşan sakinlərin narazılığına səbəb olur. Və o da bəlli olur ki, icra hakimiyyətinə razılıq edən yaşlı qadın bina sakini deyilmiş.

 

 

Bina sakini Səbinə Manafova deyir ki, faciənin anım tədbirini sakinlər öz təşəbbüsləri ilə keçirirlər: “Biz öz təşəbbüsümüzlə anım günü keçiririk. İstəyirik ki, baş vermiş hadisədə doğmalarını itirən qonşulara mənəvi dəstək olaq”.

 

S.Manafova faciənin baş verdiyi günü də xatırlayıb: “Anam evdə tək olub. Biz evimizdə pişik saxlayırdıq. Anam yatıbmış, pişik onu oyadıb. Anamı pişik xilas edib”.

 

51-ci mənzilin sahibi Afət xanım isə hadisədən sonra şəkər xəstəliyinə tutulduğunu deyir: “Tüstüdən boğulmuşdum. Bəs haradadır o şirkətlərin rəhbərləri? Heç olmasa gəlib başsağlığı versinlər. Ölənlərin il mərasiminin keçirilməsi üçün şərait yaratsınlar. Binanın həyətində mağar qurub ehsan verməyimizə kömək etsinlər. Biz onlardan pul istəmirik. Binanın həyətində mağar qoymağa şərait yoxdur”.

 

Sakin deyir ki, dövlət tərəfindən şərait yaradılıb. Lakin bəzi məmurlar dövlətin verdiyi vədləri yerinə yetirməməklə sakinləri narazı salmaq istəyirlər: “4 ay bizim kirayə pulumuzu ödədilər, evimizi təmir etdilər. Demişdilər ki, soyuducu, televizor və digər məişət əşyaları verəcəklər. Evə mebel qoyulub. Amma tək taxta ilə iş bitmir. Çay içməyə stəkandan tutmuş yorğan-döşəyə qədər hər şeyə ehtiyacımız vardı. Aldatdılar ki, soyuducu, televizor verəcəklər, amma dediklərini etmədilər. Bəzilərinin nə qədər pulu yandı, qızılı itdi. Dedilər ki, kompensasiya veriləcək. Hələ məhkəməni gözləyirik. Yəni verilən vədləri yerinə yetirmədilər. Bizi dövlətdən narazı salmaq istəyənlər belə etdilər”.

 

 

16-cı mərtəbədə yaşayan Mələk Əliyeva isə yanğından az əvvəl evini təmir etdiyini deyir: “Hadisə vaxtı iki azyaşlı nəvəm evdə idi. Buna görə də, evdən heç nə çıxara bilmədim. Nəvəmin biri astma xəstəsi olub. İndiyə qədər onun müalicəsini aparıram. Evi təmir ediblər, amma boş evə girmişəm. Bizə dedilər ki, evə köçün, nə istəsəniz edəcəyik. Bizə kompensasiya verməyiblər”.

 

Ətrafda dayanan sakinlər də söhbətə qoşulurlar: “Bəzi evlərə kondisioner, soyuducu qoyublar, sonra da söküb aparıblar. Kimsə deyir ki, bizə 10 min manat kompensasiya verilib. Amma heç nə verməyiblər. Qorxudan kompensasiya haqqında danışa da bilmirik”.

 

Bəli, sakinlər kompensasiyadan, puldan danışmaqdan qorxurlar. Səbəb isə odur ki, son zamanlar binada oğurluq edilir. “Camaat danışmağa qorxur. O gün gəlib bloklardan istilik sistemlərini söküb aparıblar. Liftdən ventilyatoru oğurlayıblar. Hələ çox şey oğurlanıb. Polisə də məlumat vermişik. Amma yenə də qorxuruq”, - deyə sakinlərdən biri əlavə edir.

 

Binanın yaxınlığında hüzür mərasimi keçirilir. “Bəlkə günortadan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri gəldilər”, - məclisin keçirdiyi ərazini göstərən bir sakin deyir. Amma yas mərasiminə girməyə icazə vermirlər.

 

...Hadisədən sonra binaların fasadına vurulan tezalışan poliuretan materiallar söküldü, səbəbkarlar həbs edildi. Amma baş vermiş faciənin ağrı-acısı hələ də azalmayıb. “Gecələr yuxuda hər şey təkrarlanır, bina yanır, tüstüdən boğuluram. İnsanların təlaşı, qadınların qışqırtısını eşidirəm. Qonşu deyir ki, o da özünü pəncərədən atan oğlanı, Fərəhi yuxuda tez-tez görür. Kabusa çevrilən o gün bütün sakinləri yandırdı. Kimi öldü, kimi gecələr ölür...” Bizi yola salan qadın göz yaşını silir...

(virtualaz.org)

Google+ WhatsApp ok.ru