Sakinlər: `Hüququmuzu tələb edirik deyirlər təxribatçısınız`

Sakinlər: `Hüququmuzu tələb edirik deyirlər təxribatçısınız`

Yüzlərlə sakindən illərdir yaşadığı mənzilə mülkiyyətçi sənədi tələbi
 
"Biz sənəd tələbi ilə toplaşırıq, MTK rəhbərliyi üstümüzə polis göndərir. Pulu alıb evi satanda min dil tökürdülər, indi sanki həmin adamlar deyil. Neçə ildir bu evə pul verib almışıq, müqavilə həyat yoldaşımla bağlanıb, ancaq hələ də mülkiyyətçi deyil. Halbuki, şirkət öhdəlik götürüb. Bu evə mülkiyyətçi hüququmuz yoxdursa, biz bu evlərdə kirayənişinə bərabərik".
 
Bunu AzadlıqRadiosu-na yeni tikilidə yaşayan Afaq Şərbətova deyir.
 
“HƏR ŞEYİ SİYASİLƏŞDİRİRLƏR”
Yeni Yasamaldakı yeni tikililərdən birinin sakinləri evlərinə Çıxarış sənədi tələb edir. Bir neçə il əvvəl Bünyadzadə küçəsindəki 15 saylı ünvanda ucaldılan binada elə bir neçə ildir ki, tam yaşayış var. Evi tikən şirkətlə sakinlər arasında bağlanmış müqavilənin şərtinə görə, bu mənzil sahiblərinə Çıxarışlar çoxdan verilməliydi. Lakin illərdir ki, sakinlər aldıqları mənzillərin mülkiyyətçisinə çevrilmək üçün şirkət sahibi ilə necə deyərlər, "döyüşürlər".
 
775 mənzilli binanı “Beliy Lebed” MTK inşa edib. Sakinlər dəfələrlə MTK-nın ərazidəki kiçik ofisinin qarşısına toplaşıblar. Lakin demələrinə görə, hər dəfə əraziyə polis qüvvəsi göndərilir. Bina sakini Asya Cəfərli:
"Vətəndaşın problemini həll etmək əvəzinə üstümüzə polis göndərirlər, polis də başlayır toplantının təşkilatçısını axtarmağa... Deyirlər, ‘təxribatla məşğul olursunuz’. Hökumət nümayəndələri özləri hər şeyi siyasiləşdirir. Biz nə istəyirik ki... Evlərimizə mülkiyyətçi hüququ verən sənəd... Hüququnu tələb edənin alnında ‘təxribatçı’ damğası hazırdır".
 
“HEÇ BİR QARŞIDURMA OLMAYIB”
Beləcə, bina sakinləri bir yerə toplaşıb başlarının çarəsini müzakirə etməkdən, dərdlərini MTK rəhbərinə çatdırmaqdan məhrumdular. Onların deməsinə görə, artıq binada yaşayan bir neçə sakinə polis tərəfindən konkret xəbərdarlıq edilib.
 
MTK-dan bildirilib ki, bəzi sənədləşmə işləri başa çatandan sonra mənzil sahibləri Çıxarışla təmin olunacaq.
 
Yasamal rayon Polis İdarəsindən bildirilib ki, yalnız avqustun 19-da qeyd olunan ünvanda sakinlərin toplaşmasıyla bağlı məlumat daxil olduqdan sonra bir neçə polis işçisi həmin ünvana göndərilib. Polislər ora asayişi qorumağa göndərilib və heç bir qarşıdurma yaranmayıb. Sakinlərə məhkəməyə müraciət etmələri tövsiyə olunub.
 
Elə hüquqşünas Vaqif Alyev də çıxış yolunu sakinlərin kütləvi şəkildə məhkəməyə müraciətində görür. /

Google+ WhatsApp ok.ru