SAĞLAM HƏYATI TƏMİN EDƏN BEŞ GÖSTƏRİŞ

İmam Əli (ə) buyurmuşdur:

يا كُمَيْلُ! قُلِ الْحَقَّ عَلى‏ كُلِّ حالٍ وَ وادِّ الْمُتَّقينَ وَ اهْجُرِ الْفاسِقينَ وَ جانِبِ الْمُنافِقينَ وَ لا تُصاحِبِ الْخائِنينَ؛

Ey Kumeyl! Həmişə haqq danış, təqvalı insanları sev, fasiq və günahkarlardan uzaq ol, ikiüzlülərdən özünü gözlə və xəyanətkarlarla dostluq etmə!

(“Biharul-ənvar”, 74-cü cild, səh. 413.)

 

ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) yaxın səhabələrindən olan Kumeylə yaxşı və sağlam yaşamaq üçün beş göstəriş verir:

Birinci göstəriş: “Ey Kumeyl, heç vaxt haqqı deməkdən çəkinmə!” Ömrün boyu haqqın tərəfdarı ol; istər çətinlik, istərsə də rahatlıq zamanı, istər qüdrətli, istərsə də aciz olduğun zaman. Bir sözlə, dünyada yaşadığın müddətdə haqq danış və haqq söylə!

Bu göstərişdən sonra imam Əli (ə) Kumeylə kimlərlə rabitə saxlamaq və kimlərdən uzaqlaşmaq barədə göstəriş verir:

İkinci göstəriş: “Ey Kumeyl, təqvalılarla dost ol və onları sev!” Çünki təqvalı dost Allahın razılığına görə səninlə dostluq edəcək, çətinliklər zamanı səni tək qoymayacaq, səni günahdan uzaqlaşdırıb itaət və bəndəliyə dəvət edəcək. Təqva sahiblərinin məhəbbətini həmişə qəlbində saxla!

Bundan sonra imam Əli (ə) Kumeylə üç zümrədən uzaqlaşmağı tövsiyə edir:

Üçüncü göstəriş: “Ey Kumeyl, fasiqlər və günahkarlardan uzaq ol!” Yoxsa günah əhli səni və əhli-əyalını öz rənginə boyayacaq. Özünü və əhli-əyalını qorumaq üçün onlarla əlaqəni qır!

Dördüncü göstəriş: “Ey Kumeyl, ikiüzlülərin hiyləsindən özünü qoru!” Şübhəsiz, hər bir cəmiyyətdə ikiüzlü insanlar var və onların tanınması da çətindir. Müsəlmanlar hər zaman bu zümrədən zərər-ziyana məruz qalmışlar. Elə buna görə də, cəmiyyəti onların vücudundan təmizləmək mümkünsüz olsa da, məkr və hiyləsindən qorunmaq lazımdır.

Beşinci göstəriş: “Ey Kumeyl, xəyanətkarlarla dostluq etmə!” İmam Əlinin (ə) bu kəlamına əməl edən cəmiyyətdə, şübhəsiz, dəyişiklik yaranacaqdır. Hər bir cəmiyyət xəyanət, ikiüzlülük, günah, haqqı ört-basdır etməkdən əziyyət çəkdiyi üçün təqvalı, haqq və həqiqəti deyən insanlara möhtacdır. Şübhəsiz, çirkin xislətlərdən təmizlənib yaxşı xislətlərlə bəzənən cəmiyyət ideal olacaqdır!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru