SAĞLAMLIQ VƏ ASUDƏLİK

SAĞLAMLIQ VƏ ASUDƏLİK

-- İNSANLARIN QAFİL OLDUĞU İKİ BÖYÜK NEMƏT

Sağlamlıq və asudəlik Allah-Taalanın insanlara bəxş etdiyi iki qiymətli nemətdir. Lakin insanların əksəriyyəti onun qədrini bilmir və çox asanlıqla əldən verirlər. Bu cəhətdən, Peyğəmbər (s) öz nəsihətində yaxın səhabəsi Əbuzər Qifariyə, başqaları kimi bu nemətləri ucuz satmamasını, onların qədrini bilməsini tapşıraraq buyurur:

یَا اباذر! نِعْمَتَانِ مَغْبُونٌ فِیهِمَا کَثِیرٌ مِنَ النَّاسِ الصِّحَّةُ وَ الْفَرَاغُ،

“Ey Əbuzər! İnsanların əksəriyyəti iki böyük nemətdən qafildir, onların qədrini bilmirlər: biri sağlamlıq, digəri isə asudəlikdir...” (“Əl-əmali”, Şeyx Tusi, səh.526.)

Allah-Taala insanın ixtiyarında saysız-hesabsız dəyərli, son dərəcə qiymətli nemətlər qoymuşdur. Lakin insan bu nemətləri çox asanlıqla və heç bir qarşılığı olmadan, müftə əldən verir. Bəlkə də, insan bu nemətlərin qazanılmasında heç bir zəhmət çəkmədiyi üçün belə edir. İnsan nəinki özündə olan nemətlərin haqqını ödəmir, həm də bu nemətləri özünə heç bir faydası olmayan günah işlərdə sərf edir.

Belə dəyərli nemətlərdən biri də sağlamlıqdır ki, sağlam insan ona heç vaxt diqqət yetirmir. Onun qədrini ancaq xəstələnəndən sonra bilir. Balıq nə qədər ki, sudadır, suyun qədrini bilmir, elə ki, sudan qırağa atıldı, onda suyun əhəmiyyətini başa düşür. İmam Əli (ə) buyurur:

اَلصِّحَّةُ اَفضَلُ النِّعَمِ؛

“Sağlamlıq ən gözəl nemətdir.” (“Təsnifu ğurəril-hikəm”, səh.483, hədis 11148.)

Minlərlə xəstəliyin, bəlanın cismimizi təhdid etdiyi bir vaxtda sağ-salamat ömür sürürüksə, bundan böyük nemət nə ola bilər?! Biz həyatımızın hər bir anında böyük nemətlərin daşıyıcısıyıq. Halbuki bu nemətlər həmişəlik deyil və hər an onu itirə bilərik. Buna oxşar sözü Peyğəmbər (s) başqa bir yerdə də buyurmuşdur:

İki böyük nemət vardır ki, heç vaxt onun qədrini bilmirik: Sağlamlıq əmniyyət (təhlükəsizlik sabitlik). (“Biharül-ənvar”, c.81, fəsil 1, səh.170.)

Peyğəmbərin (s) işarə etdiyi ikinci nemət fərağət, rahatlıq, asudəlikdir. Bu, ilk baxışda yaxşı hal kimi görünməsə də, dərindən düşündükdə görürük ki, ilahi nemətdir. Nə çoxları başını qeyri-zəruri və dəyərsiz məşğələlərə qatdığı üçün Allah-Taala ilə söhbət, Ona bəndəçilik etmək tofiqatından uzaqlaşır. Bir halda ki, insan bekar və asudə vaxtını səmərəli işlərə sərf edə bilər, Allaha-Taalaya yaxınlaşıb işlərinin sonu haqda düşünə bilər. Elə bu səbəbdən, Peyğəmbəri-Əkrəm (s) Əbuzər Qifariyə tövsiyə edir ki, məşğulluğundan qabaq asudə vaxtının qədrini bil! O həzrət buyurur:

يَا أَبَا ذَرٍّ، اغْتَنِمْ خَمْساً قَبْلَ خَمْسٍ: شَبَابَكَ قَبْلَ هَرَمِكَ، وَ صِحَّتَكَ قَبْلَ سُقْمِكَ، وَ غِنَاكَ قَبْلَ فَقْرِكَ، وَ فَرَاغَكَ قَبْلَ شُغْلِكَ، وَ حَيَاتَكَ قَبْلَ مَوْتِكَ؛

“Ey Əbuzər! Beş haldan qabaq beş halın qədrini bil: qocalığından qabaq gəncliyinin, xəstəliyindən qabaq sağlamlığının, kasıblığından qabaq sərvətinin, məşğulluğundan qabaq fərağət və asudəliyinin, ölümündən qabaq isə həyatının!” (“Əl-əmali”, Şeyx Tusi, səh.526; “Məkarimul-əxlaq”, tərcümə: Mirbaqiri, 2-ci cild, səh.450.)

Ələ düşən fürsətlərdən lazımınca istifadə etmək barədə Əmirəlmöminin Əlinin (ə) belə bir kəlamı var: İnsan ömrü ( ələ düşən fürsətlər) bulud kimi keçib gedir. Əlverişli fürsətləri əldən buraxmayın. (“Vəsailuş-şiə”, c.16, səh.84, fəsil 91.)

(Maide.az)

Google+ WhatsApp ok.ru