Saleh insanlar – yaxşı və layiqli şəkildə Allaha bəndəlik edənlər tağutlara qarşı çıxır!

Günahların, pisliklərin, çirkinliklərin, alçaqlıqların, heyvanlıqların, zülmlərin, zülmü qəbul etmələrin, natəmizliklərin və napaklıqların hər yeri bürüdüyü və hər kəsi qərq etdiyi bir dünyada, ağıllı və sayıq insanın gözündə hər şeyin insaniyyətin iflasından xəbər verdiyi və bərbəzəklərin süni rəng və işıltı formasında pozğunluqların və düşkünlüklərin üzərində parladığı bir mühitdə, haqq və ədalət iddialarının eqoistliklərin və dünyagirliklərin rüsvayçılığını örtə bilmədiyi, Əlinin, Hüseynin və Sadiqin (ə) boş yerini Müaviyənin, Yezidin və Mənsurun aldadıcı hay-küyləri ilə gizlədən bir dünyada, qısası, şeytanın layiqli davamçılarının Allahın saleh bəndələrinin yerini tutduğu bir dövrdə yaxşılığa və düzgünlüyə real gözlə baxıb onu gözləmək olarmı?! İnsan övladlarından, günahdan və çirkinlikdən, uğursuzluqdan və haqsızlıqdan başqa bir şey gözləmək olarmı?! Etiraf etmək lazımdır ki, əgər olarsa da, asanlıqla olmaz.
Belə bir şəraitdə Allahın saleh bəndələrinə salam vermək qəmgin və məyus ürəyin köməyinə çatır, zülmətlər içində bir aydınlıq və işıq mələyinə bənzəyir, namaz qılana dostlarının və səngər yoldaşlarının olması barədə müjdə verir. Ona deyir ki, yalqız deyilsən, bu quru səhrada səmərəli və davamlı bir tumurcuq tapmaq olar. Necə ki, tarixdə həmişə azğın cəmiyyətlər güclü iradələrin və dəyərli insanların doğulduğu yer olmuşdur. Onlar nəhayət, yeni dünyanın baniləri və yeni həyatın əsasını qoyanlar olmuşlar. İndi də Allahın tarixdəki qanununa uyğun olaraq həmin işıq və yaxşılıq yaradan qüvvələr bu qaranlıq və çirkin dünyanın daxilində çalışmaqda və fəaliyyətdədirlər. Bəli, saleh insanlar – yaxşı və layiqli formada Allaha bəndəlik edən, əmrinə itaət göstərən şəxslər tağutlara qarşı çıxmışlar.
Bu saleh bəndələr kimlərdir və haradadırlar? Onlardan dərs alıb onlarla addımlamaq lazım deyil?! Lazımdır. Namaz qılan bu salehlərin yanında yer tutub, özünə və onlara bir cümlədə salam verdikdə (salam olsun bizə və Allahın saleh bəndələrinə) qürur, başucalığı və inam onun qəlbinə şölə saçır, həqiqətən onların sırasında və onların yanında olmağa çalışır. Onlarla ayaqlaşıb, irəliləyə bilməməsindən xəcalət hissi keçirir və bu, ona yeni öhdəlik və vəzifə bəxş edir.
Saleh bəndələr necədirlər və saleh olmaları nəyə görədir? Saleh olmaq təkcə namaz qılmağa görə deyil. Saleh insan odur ki, ağır ilahi vəzifələrin öhdəsindən gəlsin və "Allah bəndəsi" adına uyğun əməl etsin; sinifdəki yaxşı bir şagird kimi.
 
Ali Lider Ayətullah Xamenei /

Google+ WhatsApp ok.ru