Sankt-Peterburqda yaşayan həmyerlimiz soydaşlarımızın üzləşdikləri çətinliklərdən danışır

Nəbi Ağayev: `Rusiyada supermarketlərin sayı çoxaldıqca, azərbaycanlıların xırda ticarətdəki iş yerləri bağlanır`

Rusiyada yaşayan azərbaycanlılarıın kifayət qədər problemləri var. Millətçilərin hücumlarına görə tez-tez baş verən kütləvi davalar, Rusiya Federal Miqrasiya Xidmətinin qafqazlıları, xüsusən azərbaycanlıları deportasiya etməsi və s. 
 
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da bu ölkədə işləyən soydaşlarımızın gəlirlərinə mənfi təsir edib. Bu səbəbdən Azərbaycana dönənlərin sayı artır.
 
Maide.az xəbər verir ki, bu günlərdə Azərbaycana gələn, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, burada ticarət sahəsində çalışan, Qafqaz Universitetinin məzunu Nəbi Ağayevlə "Bizim Yol"un əməkdaşı ilə həmsöhbət olub. Müsahibəni təqdim edirik.  
 
- Öncədən deyim ki, mən deportasiya olunmamışam. Müəyyən müddətdən sonra yaşadığım Sankt-Peterburq şəhərinə dönəcəm. Noyabrın 4-dən Azərbaycandayam. Bakının hər yerində tıxac, qazıntı işləri gedir. İşlər səliqəsiz görülür. Problemlər ona görə də yaşanır ki, işlər əlaqəsiz, yaxud qanunsuz həyata keçirilir. Bəlkə də siz bunun fərqində deyilsiniz. Yerli əhali baş verənlərin içində olduğu üçün bir çox məsələnin fərqində olmur. 
 
Sankt-Peterburq şəhəri ilə Bakını fərqləndirən bir cəhət odur ki, burada sürücülərin sürücülük mədəniyyəti yoxdur. Piyadalara yol vermədiklərinin şahidi oldum. 
 
Burada mobil telefon xidmətinin keyfiyyəti sıfırdır.Tez-tez şəbəkə itir. Rusiyada istifadə etdiyim telefonu özümlə Bakıya gətirdim. Burada telefonumu qeydiyyata salmaq lazım imiş. Tutaq ki, mən bir günlük Bakıya işgüzar səfərə gəlmişəm. Amma bir gün yarımdan sonra telefonu istifadə etmək mümkün oldu. Yəni qeydiyyata saldılar.
 
Rusiyada yaşayan azərbaycanlılar daha çox ticarət sahəsində çalışırlar. Başqa şəhərləri deyə bilmərəm, Sank-Peterburq şəhərində sənədləri qaydasında olanları incitmirlər. 
 
- Siz hansı sahədə çalışırsınız?
 
- Mən 4 ildir Rusiyada yaşayıram və qida ticarəti sahəsində çalışıram. Bizə bu məhsullar Belarusdan gətirilir. Azərbaycanda da işləmək olar. Burda da iş tapa bilərəm. Mən Qafqaz Universitetinin məzunuyam. Rusiyada yaşamağımın məqsədi təkcə qazanc deyil. Sankt-Peterburq şəhərində övladlarımın inkişafı üçün imkanlar genişdir. Məsələn, yaşadığım şəhərdə istənilən yaşayış binasının qarşısında uşaqların istirahət etməsi üçün hər cür şərait var. Təhsil yüksək səviyyədədir. Dərsdən əlavə məktəb şagirdləri muzeylərə, tarixi yerlərə aparırlar. Bir sözlə uşaqların dünya görüşünün dərinləşməsi üçün imkanlar genişdir. Təhsil sahəsində rüşvət yoxdur. Rüşvət tələb edən müəllimdən valideynlər şikayət edirlər, məhkəməyə müraciət edirlər. Yəni valideynlər öz hüquqlarını bildikləri və müdafiə etdikləri üçün tədris müəssisələrində bu faktlara rast gəlmək olmur. 
 
- Hansı sahələrdə rüşvət var?
 
- Rüşvət harda yoxdur ki... Mən Sankt-Peterburqdan Azərbaycana qatarla gəldim. Dərbənddə Dağıstan polisləri sərnişinləri yoxlamalarla incitdikləri üçün polislərə 1-2 manat verirdilər.
 
- Ukrayna-Rusiya münasibətlərindəki gərginlik hansı sahələrə mənfi təsir göstərib? 
 
- Dolların qiyməti qalxıb, rublun dəyəri aşağı düşüb. Bütün sahələrdə qiymət artımı müşahidə olunur. Yanacağın qiyməti demək olar ki, hər gün bahalaşır. Mən Azərbaycana gələndə mediada belə xəbərlər var idi ki, yanacağın qiyməti yenə qalxacaq. 92 markalı benzinin qiyməti 35 rubl idi. Qida məhsullarında da qiymət artımı başlayıb. 
 
- Azərbaycanlıların Rusiyadan kütləvi şəkildə qayıtma halları müşahidə olunurmu?
 
- Əvvəllər Rusiya Federal Miqrasiya Xidməti əcnəbilərin sənədlərinə diqqət göstərmirdi. Son zamanlar bu sahədə nəzarət güclənib, kimin sənədi qaydasında deyilsə, o Rusiyadan qanunla müəyyən olunmuş müddətdə deportasiya olunur. Rusiyaya gedən azərbaycanlıların çoxu bazarlara üz tutan əməkçi miqrantlardır. Soydaşlarımız dil və qeydiyyat problemi ilə üzləşirlər. 
 
Azərbaycanlıların qayıtmasının bir səbəbi də budur ki, son zamanlarda Rusiyada supermarketlərin sayı çoxalıb. Nəticədə kiçik ticarətlə məşğul olanlar sıxışdırılıb bazardan çıxarılırlar. Məsələn, spirtli içkini satacaq obyektin ərazisi ən azından 50 kvadratmetr olmalıdır. Rusiyada ticarətin 80 faizini spirtli içkilər təşkil edir.  Yəni gəlir daha çox bu sahədədir, tələbat genişdir.
 
- Bu ölkədə azərbaycanlıların diaspor təşkilatlarının fəaliyyəti qənaətbəxşdirmi? 
 
- Mən yaşadığım böyük şəhərlərdən biridir. Kiçik şəhərlərdə diasporanın fəaliyyətini görmək mümkündür. Diaspora təşkilatlarının bir-biri ilə sıx görüşləri olur, soydaşlarımızla əlaqələr qururlar. Böyük şəhərlərin böyük problemləri olur. Sankt-Peterburqda problemi olan soydaşlarımız adətən Azərbaycanın konsulluğuna müraciət edirlər. Bəli, diaspora təşkilatı da var, rəhbərləri ağsaqqallarla görüşürlər. Amma Sankt-Peterburqda onların fəaliyyəti gözəçarpan dərəcədə deyil. 
 
- 4 ildir  Sankt-Peterburq şəhərində yaşayırsınız. Bu müddətdə hansı problemlərlə qarşılaşdınız?
 
- Sankt-Peterburqda olduğum ilk vaxtlarda sənədləşmə işində problemlə qarşılaşdım. Sonra iş tapmaq çətin oldu. Öz bacarığıma görə bir aydan sonra iş tapdım. Sonra övladlarımı  məktəbə qəbul etdirmək problemi oldu. Uşaqları şəhərə qeydiyyata saldırdım, sonradan məktəbdə təhsil almaq problemi aradan qalxdı. 

Google+ WhatsApp ok.ru