Saxlanılacağı vəd edilən məscid binası uçuruldu - FOTO

Azadlıq.info qəzeti yazır ki, qəzetimizin ötən sayında Bakının “Sovetski” ərazisində M.Muxtarov küçəsindəki 83 saylı memarlıq binasının (məscid) mühafizəyə götürülməsi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, şəhər ictimaiyyətinin hökumətə müraciəti nəticəsində binanın saxlanılması qərara alınıb. Lakin mayın 19-da gözlənilmədən sözügedən bina dağıdılıb.
 
Hökumətin öz qərarını niyə dəyişməsi barədə rəsmi açıqlama yoxdur. Redaksiyamıza daxil olan məlumatlara görə, Yasamal Rayon İcra Hakimiyyətinin ictimaiyyətə ünvanladığı məktubda binanın qorunacağı bildirilirdi. Bizə məlumat verən sakinlər Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamovun imzası ilə təsdiqlənən həmin məktubun fotoşəklini də göndəriblər. Bu məktubun surəti demə əhalini məlumatlandırmaq üçün binanın qapısı üzərinə də vurulubmuş.
 
Xatırladaq ki, Milli Elmlər Akademiyasının “Sovetski” ərazisində saxlanılmasına rəy verdiyi yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına M.Muxtarov küçəsindəki 83 saylı bina da daxil edilmiş və tikili 3700 inventar nömrəsi ilə məscid binası kimi yenidən qeydiyyata alınmışdı. Bu binada son vaxtlaradək “Yuğ” Dövlət Teatrı fəaliyyət göstərirdi. İndiyədək bu tikilinin hamam binası olduğu bilinirdi. Əslində isə 1880-ci illərdə məscid üçün tikilib. Abidə Nazirlər Kabinetinin hələ 15 il öncəki qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında da hamam kimi göstərilmişdi.
 
Deyilənə görə, Azərbaycanda sovet hakimiyyəti qurulan zaman bu məscidi qorumaq üçün sakinlər binanın təyinatını dəyişdirərək ondan hamam kimi istifadə ediblər. Lakin, göründüyü kimi, Allahsız bolşeviklərin hücumlarından qorunan bina “Multikulturalizm ili” elan edilən 2016-cı ildə isə uçuruldu.
 
Sonda onu da xatırladaq ki, sovet zamanı repressiya qurbanı olmuş məşhur aktyorumuz Abbas Mirzə Şərifzadənin “Sovetski”də 1937-ci ilədək yaşadığı ev də bir neçə gün öncə uçurulub. (azadliq.info) 
 
 
 

Google+ WhatsApp ok.ru