Sayt əməkdaşından xəbər yoxdur

Sayt əməkdaşından xəbər yoxdur

"Azadxəbər" saytının əməkdaşı İlkin Məmmədlidən xəbər yoxdur.
 
Bu haqda məlumat verən hüquq müdəfiəçisi Samirə Ağayevanın sözlərinə görə, o, noyabrın 8-də Bakıxanov qəsəbəsindəki “Asan Xidmət”də saxlanıb.
 
Onun deməsinə görə, xarici pasport almaq istəyən sayt əməkdaşına orada bildiriblər ki, bu mümkün deyil:
 
“Ona deyiblər ki, ölkədən çıxışına qadağan qoyulub. Daha sonra onu mühafizə otağına aparıblar. Jurnalist Sabunçu rayonun 13-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib. Daha sonra polis bölməsindən bildirdilər ki, onu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriblər”.
 
İlkin Məmmədlinin ailəsindən isə “Turan” agentliyinə deyiblər ki, indiyə qədər ondan xəbər ala bilməyiblər:
 
“Dünən axşam (noyabrın 8-də) yanımızda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinə təhvil verdilər. Gecə orada qalacağını bildirdilər”.
 
Lakin ailə indiyədək bu idarədən heç bir məlumat ala bilmədiyini bildirir.
 
Yaxınları İlkin Məmmədlinin saxlanılması haqda Ombudsman Aparatına, DİN-in “102 xidməti”nə məlumat veriblər.
 
Bu deyilənlərə, hələlik, DİN və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən münasibət almaq mümkün olmayıb.
 
Yaxınları İlkin Məmmədlinin Nardaran hadisələri zamanı 22 sutka saxlanıldığını, həmin işi üzrə məhkəmədə şahid qismində dindirildiyini qeyd ediblər. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru