Selin körpüləri uçurması nəticəsində Lənkəranın Vilvan kəndinin bir hissəsi ilə əlaqə kəsilib

Həftənin ilk günlərində respublikanın cənub bölgəsində yağan aramsız yağışlar bir sıra fəsadlar törədib. Güclü yağışlardan sonra çayda yaranan selin Lənkəranın Vilvan kəndindəki körpüləri yuyub aparmasından sonra artıq 5 gündür ki, kəndin bir tərəfinə gediş-gəliş tamamilə kəsilib.
 
Trend CTV-yə istinadən xəbər verir ki, Lənkəranın Vilvan kəndini iki hissəyə ayıran Veravulçayın üzərində gediş gəlişi təmin etmək məqsədilə vaxtilə burada biri piyadalar, digəri isə avtomobillərin hərəkəti üçün nəzərdə tutulan iki körpü salınıb. Lakin bir neçə gün öncə yağan güclü yağış hər iki körpünü yuyub apardığından kənd sakinlərinin digər tərəflə əlaqəsi kəsilib və gediş gəliş tamamilə yox səviyyəsində enib.
 
Sakinlər bildirirlər ki, artıq bir neçə gündür aidiyyatı qurumları məlumatlandırsalar da, kömək əlini uzadan olmayıb.
 
Qeyd edək ki, yağış burada təkcə körpünü deyil, kəndə gedən qaz xəttini də sıradan çıxarıb. Lakin görülən tədbirlər nəticəsində qazın verilişi təmin edilib. /

Google+ WhatsApp ok.ru