«Sevil Massivi» ilə bağlı istintaq yekunlaşır

"Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyi tərəfindən aldadılmış payçılar dünən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər. 
 
30 nəfərdən artıq payçını qəbul edən idarə rəisi Kamran Əliyevə şikayətçilər narahatlıqlarını çatdırıblar. Onlar qısa müddətdə ya pullarının, ya da mülklərinin qaytarılmasını xahiş ediblər. 
İdarə rəisi bildirib ki, "Sevil Massivi" ilə bağlı istintaq yaxın günlərdə bitəcək. Onun sözlərinə görə, məhkəmə qərarı olmadan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən pulları qaytarılır. Payçılar hazırda pulların qaytarılmadığını desə də, K.Əliyev dediyində israrlı olub. Sakinlər bu məsələni öz aralarında araşdıracaqlarını bildiriblər.
 
Şikayətçilər K.Əliyevə problemin həlli ilə bağlı yaradılmış Komissiyanın üzvü, icra hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucovun daha onları qəbul etmədiyini də bildiriblər. 
Aldadılmış payçılara deputatlara müraciət edəcəklərini deyirlər. Onlar "Sevil Massivi" ilə bağlı problemin parlamentin iclasında səslənməsini tələb edəcəklər. 
 
Bir müddət əvvəl "Sevil Massivi" MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunub. Hər iki şəxs "qanunsuz sahibkarlıq" və "vergi ödəməkdən yayınma"da ittiham olunurlar.
Baş Prokurorluq məlumat verir ki, Vergilər Nazirliyi "Sevil Massivi" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.  
Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər. O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.
 
İstintaq hesab edir ki, "Sevil Massivi" MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb. 

Google+ WhatsApp ok.ru