Seyid Əli Musəvi Ərdəbili: `Kərbəla əsirləri addım atdıqları hər yerə şiəlik toxumunu səpiblər`

Kərbəla qiyamı haqqında "Şəfəq" xəbər agentliyinə müsahibə verən elm hövzəsinin görkəmli ustadlarından və eyni zamanda Ayətullah Musəvi Ərdəbilinin oğlu, Ayətullah Seyid Cavad Şehristaninin də kürəkəni olan Höccətülislam Seyid Əli Musəvi Ərdəbili mühüm açıqlamalar səsləndirib. Maide.az həmin müsahibənin bəzi hissələrini təqdim edir:
 
İmam Hüseynin (ə) tarixi hərəkatının müxtəlif ölçüləri vardır. Zülmü qəbul etməmək bu hərəkatın ən məşhur istiqamətidir. Həzrətin az sayda silahdaşlarının olmasına baxmayaraq, təslim olmayıb, qanının son damcısına qədər savaşması da hərəkatın bu yönünün ön plana çıxmasına səbəb olmuşdur.
 
Zülmə boyun əyməməyin hər hansı bir dinə mənsub olmaqla əlaqəsi yoxdur. İnsaniyyəti olan hər kəsin xilqətində bu xüsusiyyət vardır. Aşura hadisəsi insanların yaradılışına uyğun bir hərəkatdır və İmam Hüseyn (ə) bütün insanları öz fitrətinə dönüş etməyə çağırmışdır.
 
Kərbəla hadisəsindən sonra Əhli-beyt əsirləri addım atdıqları hər nöqtəyə şiəlik toxumunu səpmişdilər. Bu gün bu şəhərlərin çoxunda şiələr vardır. Beləliklə, İmam Hüseynin (ə) bu hərəkatı başlayanda ailəsini də yanında aparması, onun bu vacib proqnozunu sübut edir.
 
İmam Hüseynin (ə) bu hərəkatındəkı ən mühüm hədəfi özünün də ifadə etdiyi kimi, yaxşılığa dəvət və pislikdən çəkinmək idi. Həzrət Mədinədən yola çıxmamışdan əvvəl babası Rəsulullahın (s) qəbirinin yanına gəlib belə dua etdi: Allahım, sən bilirsən ki, mən yaxşılığı sevirəm və pisə nifrət edirəm.
 
Burada sual edilə bilər: İmamın qiyam etdiyi dövrdəki ən qabarıq pislik nə idi?
 
Yezid kimi birinin İslam dünyasının başına keçməsi, Üməyyə oğullarının döyüş meydanlarında məhv edə bilmədikləri dini siyasət yolu ilə ortadan qaldırmaq təşəbbüsünün açıq isbatıdır. Onlar İslam dinini məhv etmək və öz dünyəvi padşahlıqlarını gücləndirməyin mübarizəsini aparırdılar. Çünki Peyğəmbərin gətirdiyi İslam dini onların səltənəti üçün böyük bir təhlükə idi. İslam dinini o qədər gözdən saldılar ki, işi çərşənbə günü cümə namazı qılmağa qədər apardılar. "Bidətlər zühur edəndə alim elmini ortaya qoymalıdır" rəvayətlərinin də göstərişi ilə İmam Hüseyn (ə) qiyam etməli idi. Bidət mərhələləri vardır. Bəzi bidətlər dinin əslinə zərər verməz; ona göstəriləcək reaksiyanın nisbəti ilə dinin əslinə zərər verəcək bidətə qarşı göstəriləcək reaksiyanın səviyyəsi bərabər olmamalıdır. İmam Hüseyn (ə) dinin həqiqətinin məhvi ilə üzləşdi. Buna görə də ortaya qoyacağı reaksiya, etiraz insanların oyanışına səbəb olmalıydı. Ancaq belə bir qiyamla insanları oyada bilərdi və o, bunu ən gözəl şəkildə yerinə yetirdi.
 
O həzrətin şəhadətinin ardından Beytini zəncirlərə vurdular. Yerdə qalan ardıcıllarını da psixoloji baxımdan məğlub etmək üçün onları şəhər-şəhər gəzdirdilər. Kərbəla şəhidlərinin kəsik başlarını nizələr ucunda əsirlərin qabağında gəzdirərək, onlara daha çox acı yaşatmaq istədilər. Ancaq İmam Hüseyn (ə) məktəbindən yetişmiş o görkəmli insanlar bu vəziyyəti öz xeyirlərinə çevirdilər. Kim olduqlarını insanlara izah etdilər və Üməyyə oğullarının maskasını cırdılar, onların çirkin üzlərini getdikləri hər yerdə danışdılar. Yəni addım atdıqları hər yerdə şiəliyin toxumunu səpdilər.

Google+ WhatsApp ok.ru