Silahlı Qüvvələrə Yardım Fonduna 66 milyon manatdan çox vəsait yığılıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna cari il avqustun 1-dək 65 milyon 933 min 27,17 manat, 211 min 791,88 ABŞ dolları və 593,69 avro vəsait yığılıb.
 
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.
 
Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
 
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Google+ WhatsApp ok.ru