Siqaret çəkən yeniyetmələrin valideynləri cərimələnəcək

Siqaret çəkən yeniyetmələrin valideynləri cərimələnəcək

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir
 
Yetkinlik yaşına çatmayanların tütündən istifadəsinə görə valideynləri cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Cərimənin məbləği isə 100 manatdan 250 manatadək nəzərdə tutulub. Dəyişiklik layihəsi iyunun 5-də Milli Məclisin Əmək və Sosial Siyasət və Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələrinin birgə iclasında müzakirə edilib.
 
Layihədə qadağan edilmiş yerlərdə “Tütün çəkmək qadağandır”, - yazısının və ya işarəsinin olmamasına görə də cərimələr müəyyənləşib. Hazırda qüvvədə olan 212.2-ci maddəyə əsasən, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır”, - xəbərdarlığının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir.
 
İXM-in 522-ci (Yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsi) maddəsinə yetkinlik yaşına çatmayanların tütündən istifadə prosesinə cəlb edilməsi də əlavə olunur. Bununla bağlı da cəzalar müəyyən edilir; 60 manatdan 100 manatadək məbləğdə. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə 100 manatdan 250 manatadək cərimə ediləcəklər. 
 
Layihə müzakirədən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.
 
İXM-ə dəyişikliklər ötən ay qəbul edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə uyğunlaşdırmadır. Qanuna əsasə, ictimai yerlərdə - müəssisə, idarə və təşkilatlar, iş yerləri, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə, ticarət, məişət obyektləri, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidləri və s. yerlərdə siqaret çəkmək qadağandır. Ancaq bütün müəssisə və obyektlərdə siqaret çəkmək üçün xüsusi yerlər ayrılmalıdır. (meydantv)

Google+ WhatsApp ok.ru