Sitəmkara düşmən, sitəm qılınana yardımçı olun!

Sitəmkara düşmən, sitəm qılınana yardımçı olun!

İlkin İslam dövründən hazırkı günümüzədək bəzi müsəlmanlar günahlardan çəkinmiş, dünyanın dəyərsizliyinə inanmış, dünya ləzzətlərinə könül verməmiş, ibadətlə məşğul olmuş, eyni zamanda, böyük bir yanlışlığa düçar olmuşlar. Onlar elə düşünmüşlər ki, yalnız öz iman və əməllərinə cavabdehdirlər, ictimai məsələlərin onlara dəxli yoxdur. Onlar özlərini bu sahədə məsuliyyətli bilməmiş, elə fikirləşmişlər ki, müsəlmanın namaz və oruc, zikir və duadan savayı işi yoxdur.

Yetərsiz təhlil nəticəsi olan belə bir təsəvvür kökündən yanlışdır, səmavi dinlərdən heç birində ardıcıllar üçün belə bir çərçivə nəzərdə tutulmamışdır. İslam təlimləri ilə qismən tanışlıq bu sayaq düşüncə tərzinin yanlış olduğunu göstərir. Qısa və əsrarəngiz “Əsr” surəsi İslam və müsəlmanlığın həqiqi simasını açıqlayır:

وَالْعَصْرِ * إِنَّ الإِنْسانَ لَفِي خُسْر * إِلاَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصّالِحاتِ وَتَواصَوْا بِالْحَقِّ وَتَواصَوْا بِالصَّبْ

“And olsun əsrə! Həqiqətən, insan ziyandadır. İman gətirib saleh işlər görən, bir-birini haqqa dəvət edib səbrə çağıranlardan başqa!” (“Əsr”, 1-3.)

İslam məntiqinə əsasən, müsəlman özü saleh iş görməklə yanaşı, başqalarını da haqqa, İslam hədəflərinin gerçəkləşməsinə çağırmalıdır. Başqa sözlə, bütün yer üzünün İslam rəngi alması gerçək İslam prinsiplərindəndir. Öz ibadətlərini yerinə yetirib başqalarının əqidəsi ilə maraqlanmamaq İslam məntiqi deyil. Uyğun baxışı yaradanlar İslamı yetərincə tanımayanlardır. İslam təlimlərinə əsasən, müsəlman şəxs nəinki müsəlmanların, hətta kafirlərin işinə biganə qalmamalıdır. İnsan mağarada, evin bir küncündə tənha ibadət üçün yaradılmayıb. Fərdlərin həyatı rabitəlidir. İslam və digər səmavi dinlərin mühüm yönlərindən biri ictimai yöndür. İnsan bu istiqamətdə məsuldur:

كُلُّكُمْ رَاع وَكُلُّكُمْ مَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ

“Hamınız nəzarətçisiniz və nəzarətçiliyinizlə bağlı sorğuya çəkiləcəksiniz.” (“Biharul-ənvar”, c.75, s.38, hədis 36, bölüm 35.)

Müsəlmanın ən mühüm ictimai məsuliyyətlərindən biri zülmə biganə qalmamasıdır. Bir şəxsin digərinə zülm etdiyini gördükdə, onun kənara çəkilib biganə qalmaq ixtiyarı yoxdur. Kim belə etsə, nə vaxtsa məzluma kömək etmədiyi üçün ittiham ediləcək. İnsan deyə bilməyəcək ki, bu işin mənə aidiyyatı yox idi. Ona bildiriləcək ki, öz sükutu ilə zülmə kömək etmişdir. Hansı ki, məzluma yardım əli uzatmağa borclu idi! İmam Əli (ə) dəyərli vəsiyyətnaməsində buyurur:

كُونَا لِلظَّالِمِ خَصْماً وَلِلْمَظْلُومِ عَوْنا

“Zalıma düşmən, məzluma yardımçı olun.”

Vacib ibadətlər namaz qılıb oruc tutmaqla başa çatmır. Məzluma yardım da zəruri dini göstərişlərdəndir. Zülmə qarşı çıxmaq İslamın mühüm prinsiplərindəndir. Əgər zalımın başına bir zərbə vurub onu yerində oturtmağa qadirsənsə, bu işi görməlisən. Deyə bilməzsən ki, bu sayaq işlərə qatıldıqda və ictimai məsələlərə müdaxilə etdikdə, ibadət halı pozulur! Bu sözlər şeytanın təlqinləridir. “Xalqın işlərinə diqqət məni Allaha diqqətdən yayındırır” kimi sözlərdən İblisin qoxusu gəlir. Adəmə səcdə etmək əmri verilən vaxt “Mən yalnız Sənə ibadət etmək istəyirəm, Pərvərdigara!” deyən İblis idi!

Allah-Taala buyurur:

اِنّي اُحِبُّ اَنْ اُطاعَ مِنْ حَيْثُ اُريدُ

“Mənə Öz istədiyim kimi itaət olunmağı istəyirəm.” (“Biharul-ənvar”, c.2, səh.262, hədis 5, bölüm 32.)

Allah-Taala buyurur ki, əgər mənə itaət edirsənsə, öz istədiyin kimi yox, Mənim istədiyim kimi itaət et; başqa cür etsən, Mənə yox, özünə, öz qəlbinə itaət etmiş olursan.

İslamdan öncə müxtəlif tayfalar arasında rəvac tapmış bu sayaq baxışlar, təəssüf ki, İslamdan sonra da bəzi müsəlmanlar arasında davam etdirildi. Həmin məntiqə əsasən, həqiqi dindar tərki-dünya olmalı, dünya ləzzətlərinə göz yummalı, cəmiyyətdən kənara çəkilib gecə-gündüz ibadət və dua ilə məşğul olmalıdır. O, bir an olsun belə diqqətini Allahdan yayındırmamalıdır. Olsun ki, belələri nəfslə mübarizə aparıb ruhlarını gücləndirərlər, hətta qeyri-adi işlər görərlər. Amma unutmamalıyıq ki, İslam öz ardıcıllarından qeyri-adi işlər intizarında deyil. Müsəlmanın vəzifəsi Allah buyruğuna əməl etməkdir. Əgər namaz əmr olunursa, namaz qılmalı, oruc tutmaq göstərişi verilirsə, oruc tutmalı, məzluma yardım əli uzatmaq tapşırılırsa, yardım əli uzatmalıdır! Əlbəttə ki, bütün bu əməlləri yerinə yetirərkən Allahı unutmamamalıdır. Məsələn, məzluma yardım edib zalımın önündə durarkən Allahı yaddan çıxarsa, həddi aşa bilər. Əgər oğrunu yaxalamısansa onu təhqir etmək, vurmaq haqqın yoxdur. Bəli, yaxalanmış oğru qanun qarşısında cavab verməlidir. Kimsənin onu təhqir etmək haqqı yoxdur.

Həqiqi İslam və həqiqi dindarlıq Allah əmrlərinə itaətdən ibarətdir. Bu əmrlər fərdi və ictimai yönlü ola bilər. İctimai vəzifələri kənara qoyub, yalnız raz-niyaz və dua ilə məşğul olmaq İslam deyil. Zülmlə mübarizədən əl çəkib Quran qiraətilə məşğul olmaq İslam deyil. Quran oxumaq üçün elə bir vaxt seçilməlidir ki, bu iş digər vacib vəzifələrə mane olmasın. Etiraf etməliyik ki, İslamın ictimai göstərişlərinə, o cümlədən, zülmlə mübarizə və məzluma yardım əli uzatmaq göstərişlərinə çoxdan əməl olunmur. Əgər İslamın uyğun əmrlərinə əməl edilsəydi, müsəlmanlar hazırkı acınacaqlı vəziyyətə düşməzdi. Bugünkü problemlərin də bir çoxunun kökü uyğun ilahi hökmün yaddan çıxarılmasıdır:

كُونا لِلظّالِمِ خَصْماً وَلِلْمَظْلُومِ عَوْناً

Sitəmkara düşmən, sitəm qılınana yardımçı olun!” (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.87-94.)

Maide.Az

 

 

Google+ WhatsApp ok.ru