Siyasi məhbuslarla bağlı son xəbərlər

İşçi Qrupun toplantısında onların məsələsi müzakirə olunub

Siyasi məhbusların bəzilərinin səhhətində ciddi problemlər yaranıb. Bu barədə “Yeni Müsavat”a onların vəkilləri və yaxınları məlumat verib. Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin vəkili Nemət Kərimli Siracın səhhətində problem olduğunu dedi: “Sirac və Fərəclə 2 gün əvvəl görüşmüşəm. Sirac ürək ağrılarından əziyyət çəkir.

Orada ona dərmanlar verilsə də,  həmin  dərmanların ona heç bir köməkliyi yoxdur. Mən Penitensiar Xidmətə, müstəntiqə müraciət etmişəm ki, Sirac təcridxanadan kənarda tibbi müəssisədə müayinə olunsun. Ancaq mənim müraciətimə indiyə kimi bir reaksiya yoxdur. Məsələ ilə bağlı Siracın müstəntiqi ilə əlaqə saxladım. O dedi ki, vəsatəti almamışam.  Amma məndə məlumat var ki, həmin idarə vəsatəti alıb. Müstəntiqin vəsatəti alıb-almadığını deyə bilmirəm. Həbsdə saxlanılan şəxsin hüquq və azadlıqları ilə bağlı qanuna görə onun təcridxanadan kənarda müayinə olunmaq kimi bir hüququ var.  Ona görə də biz hələ ki, cavab gözləyirik”.

Siyasi məhbus, Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqovun vəziyyəti isə yaxşıdır. Bunu Y. Sadıqovun Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah dedi. E.Fəttahın sözlərinə görə,  Y.Sadıqovun səhhətində hər hansısa  problem yoxdur: “Yadigar Sadıqovla iki gün öncə onun qohumları görüşüb. Onların mənə verdiyi məlumata görə, Yadigar bəyin saxlanma yerindən  şikayəti yoxdur. Ümumi olaraq mən hər dəfə qeyd etməli oluram ki, 14 saylı cəzaçəkmə müəssisəsinin təbii şəraiti çox acınacaqlıdır. Bu orada ümumi vəziyyətdir. Yəni Yadigar Sadıqova qarşı hər hansısa bir diskriminasiya yoxdur. Ona həm məhbuslar, həm də müəssisənin heyəti bir ziyalı kimi hörmətlə yanaşırlar. Yadigar bəy vaxtının böyük əksəriyyətini mütaliə etməklə keçirir. Bu yaxında cəzasının növünün dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Eyni siyasi sifarişli məhkəmə prosesini davam etdirdilər və məhkəmə heç bir əsas göstərmədən onun həmin ərizəni təmin etməkdən imtina etdi”.

NİDA-çı gənc siyasi məhbus Zaur Qurbanlının anası Səkinə Qurbanlı da oğlunun vəziyyətinin normal olduğunu dedi: “Mən Zaurla hər həftənin 5-ci günü görüşürəm. Onun oradakı şəraiti pis deyil. Səhhəti də normaldır. Bizim həbsxanadan hər hansı bir narazılığımız yoxdur”.
Qeyd edək ki, noyabrın 12-də müxtəlif hökumət qurumlarının, deputatların və QHT təmsilçilərinin üzv olduğu İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun Avropa Şurasının təmsilçiləri ilə birgə siyasi məhbuslarla bağlı növbəti iclası olub. İclasda işçi qrupunun üzvləri tam tərkibdə iştirak edib, həmçinin Daxili İşlər Nazirliyinin nümayəndəsi də toplantıya qatılıb.

İşçi qrupunun üzvü Novella Cəfəroğlu “Amerikanın Səsi”nə bildirib ki, iclasda xəstəlikdən əziyyət çəkən məhbuslar, eləcə də siyasi məhbusların məsələləri müzakirə edilib. Keçmiş səhiyyə naziri Əli İnsanovun, REAL Hərəkatının lideri İlqar Məmmədovun, Avropa İnsan Haqları Məhkəməsinin barəsində qərarı olan hüquq müdafiəçisi İntiqam Əliyevin, NİDA fəallarının, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Bəşir Süleymanlı və başqalarının, jurnalistlər Əvəz Zeynallı, Pərviz Həşimli, Hilal Məmmədovun, o cümlədən Nemət Pənahlının və digərlərinin məsələləri xüsusi ilə diqqət mərkəzində olub. Bununla yanaşı, İntiqam Əliyev, Rəsul Cəfərov və digər fəallar barədə həbs qətiimkan tədbrinin dəyişdirlməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət qəbul olunması təklif edilib. İclasda Humanitar Araşdırmalar Mərkəzinin rəhbəri Əvəz Həsənov işçi qrupuna üzv qəbul olunub və gələcəkdə qrupun tərkibinin genişləndirilməsi barədə qərar qəbul edilib.    Musavat /

Google+ WhatsApp ok.ru