Siyasi məhbusların buraxılması ölkənin siyasi-ictimai gündəminə təsir edəcəkmi? - Sorğu

Novruz bayramı öncəsindən həbsdə olan bir neçə siyasi məhbusun buraxılması ölkədə müəyyən qədər pozitiv, optimist əhval-ruhiyyənin yaranmasına səbəb oldu. Belə ki, vətəndaş cəmiyyətində zərurətdən də olsa islahatların olacağı ilə bağlı müəyyən ümidlər yarandı. Ekspertlər arasında bu prosesin daha geniş sahəni əhatə edəcəyi ilə bağlı müəyyən fikir birlikləri var. Amma bu təbii ki, ehtimal edilir. Hökumətin atacağı addımları öncədən proqnozlaşdırmaq olmur.
 
AXP sədri Pənah Hüseyn Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, hakimiyyətin özündə ciddi, köklü dəyişikliklər gözlənilmir: “İlk olaraq gərək ölkədə siyasi məhbuslar olmasın. Bu gün siyasi məhbusların buraxılmasından deyil, onun olmamasından söhbət getməlidir. Amma yenə də bu qədər siyasi məhbusun buraxılması pozitiv hadisədir. Düşünürəm ki, bu məsələ birdəfəlik həllini tapmalıdır. Ölkədə elə br şərait yaranmalıdır ki, ümumiyyətlə siyasi məhbus mövzusu gündəmə gəlməsin.
 
Bunun üçün də ciddi siyasi dəyişikliklərə ehtiyac var. Eyni zamanda siyasi məhbusların həbsi məsələsini aktual saxlayan şəxslər də mütləq cəzalandırılmalıdır. Amma bu qədər siyasi məhbsun buraxılmasından sonra belə, ölkədə gedən proseslərin indiki mərhələsində mən olaylara çox pessimist baxıram. Hakimiyyətin özündə ciddi, köklü dəyişikliklərin edilməsi gözlənilmir. Amma ölkədə siyasi fəallığın olacağı labüddür. Həmin şəraitdə hansı dəyişikliklər olacağını indidən proqnozlaşdırmaq mümkün deyil".
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən “Ümid” partiyasının sədri İqbal Ağazadə deyib ki, siyasi proseslər siyasi institutların göstərə biləcəyi çalışmadan, təşkilatlanma, insanları, seçicini arxasına almasından başlamalıdır: “Siyasi Məhbusların buraxılması ölkədəki siyasi vəziyyətə, siyasi dinamikaya təsir edəcəyini düşünmürəm. Çünki, bu gün siyahıda 100 məhbus varsa, 2000-ci ildə 100-dən yuxarı siyasi məhbus var idi. 2003-cü ildə də eyni mənzərə müşahidə olunurdu. Nə qədər insan buraxıldı və siyasi vəziyyətdə hansı dəyişiklikləri müşahidə etdik?
Ümumiyyətlə siyasi məhbus məsələsi demokartikləşmə və siyasi dinamika məsələsinə təsir edən önəmli faktorlardan biridir. Sadəcə insan haqlarının qorunması və fərdi azadlıqlarının təmin olunması üçün önəmli faktor hesab edilməlidir. Başqa halda bunu hətta bütövlükdə insan haqlarının ümumi mənzərəsi kimi də qiymətləndirmək mümkün deyil. Bunu olsa-olsa fərdlərin azadlığa qovuşması kimi müsbət hal kimi qiymətləndirmək olar. Əks halda düşünmürəm ki, ölkədə ciddi şəkildə nə isə dəyişiləcək. Siyasi proseslər siyasi institutların göstərə biləcəyi çalışmadan, təşkilatlanma, insanları, seçicini arxasına almasından başlamalıdır. Bu olmayacaqsa, qarşı tərəfin siyasəti dəyişməyəcək”. deyerler.org /

Google+ WhatsApp ok.ru