Siyəzəndə  qiymət artımına etiraz edənlərə hökm oxunub

Siyəzəndə qiymət artımına etiraz edənlərə hökm oxunub

Siyəzən rayonunda Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 2016-cı ilin yanvarında qiymət artımına etiraz aksiyasından sonra həbs edilən 11 nəfərə hökm oxunduğu bildirilir.
 
Məhkəmənin martın 29-da keçirildiyi qeyd edilir. Bu haqda Siyəzən rayon Məhkəməsindən bildiriblər.
 
Məhkəmənin hökmü ilə həmin şəxslərin 4 ildən 6 ilə kimi azadlıqdan məhrum edildiyi açıqlanıb.
 
Bildirildiyinə görə, prosesi Quba rayon Məhkəməsi aparıb. Sadəcə, müttəhimlər Siyəzən rayonundan olduğundan, məhkəmə iclasları bu rayonda keçirilib.
 
Məhkəmə prosesinin media və geniş ictimaiyyətin iştirakı olmadan keçirildiyi söylənir. Həmçinin, bununla bağlı Quba və Siyəzən rayon məhkəmələrinin rəsmi saytlarında hər hansı məlumat yayılmayıb.
 
Məhkəmədən məhkum edilmiş siyəzənlilərin adlarını da açıqlamayıblar. Onların yaxınları və ya vəkilləri ilə də, hələlik, əlaqə saxlamaq mümkün olmayıb.
 
2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.
 
Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Çoxsaylı sakin saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.
 
Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zən ediblər.
 
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.
 
Həmin məlumatda fakt üzrə Cinayət Məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya ziyan vurma), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etmək) maddələri ilə cinayət işi açıldığı bildirilirdi.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru