İşsizlikdən sığorta müavinəti kimlərə veriləcək?

İşsizlikdən sığorta müavinəti kimlərə veriləcək?

-- işsiz qalan şəxsin ən azı 3 il sığorta stajı olmaldır..

Bakı sakini Elgiz Əliyev 3 ilə yaxındır ki, işsizdir. 20 ildən çox orta məktəbdə dərs deyib, son işlədiyi kollecdən əmək müqaviləsinin müddəti bitirdiyi üçün ayrılıb.
 
O, BBC Azərbaycancaya danışır ki, işsiz qaldıqdan sonra rəsmi işsiz kimi qeydiyyata düşüb və 6 ay müddətində aylıq 70 manat olmaqla işsizlik müavinəti alıb.
 
60 yaşlı Elgiz Əliyevin sözlərinə görə, hər dəfə yerli icra hakimiyyətindən zəng edib iş tapıb-tapmadığı ilə maraqlanırlar, amma ona heç bir iş yeri təklif edilmir:
 
"Yaşım çox olduğu üçün kimsə mənə iş vermək istəmir. İndi də oxumuşam ki, bu il yanvarın 1-dən işsizliyə görə müavinət ləğv olunub. Amma mənim təqaüdə çıxmağıma 3 il var, ya işləməliyəm, ya da heç olmasa, işsizlik müavinəti almalıyam".
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yeni yaradılan İşsizlikdən Sığorta Fondu artıq işsizlik müavinətlərini yeni qaydalarla tənzimləyəcək.
 
Amma Elgiz Əliyev yeni fonddan pul ala bilməyəcək, çünki o, müqavilə müddəti bitdiyi üçün işsiz qalıb və yeni qanunda belə hallar üçün işsizlik sığortasından yararlanmaq nəzərdə tutlmayıb.
 
"Əvvəl məbləğ az idi, dairə geniş, indi tərsinə oldu"
 
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyr ki, indiyə qədərki işsizlik müavinəti az idi. Onun fikrincə, yeni fondun qaydaları işsizlik müavinəti veriləcək şəxslərin dairəsini daraldır:
 
"İndiyədək müavinətin məbləği az idi, amma geniş kütləni əhatə edirdi, indi məbləğ artır, amma dairə daralır".
 
İşsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. Hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində hər ay Fonda vəsait ödəyəcəklər.
 
2018-ci ildə Fondun büdcəsi təxminən 89 milyon manat hesablanıb.
 
İşsizliyə görə sığorta müavinətini almaq üçün bəzi şərtlər tələb olunur:
 
 
Müavinət almaq üçün standarta uyğun olmalısan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyndən BBC Azərbaycancaya bildiriblər ki, "yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində işini itirən və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar bu fondun imkanlarından faydalana biləcəklər".
 
Bu standartlara uyğun olmayan işsizlər isə fondun digər imkanlarından yararlana bilərlər.
 
Nazirlikdən BBC Azərbaycancaya təqdim edilən yazılı cavabda vurğulanır ki, fond büdcəsinin 37,6 faizi işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulub:
 
"Bu da ötən illə həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin həcmindən 1,9 dəfə çoxdur".
 
Fondun pulunun qalan hissəsinin özünüdəstək proqramına və yaxud da peşə yönümünün dəyişdirilməsinə sərf olunması gözlənir.
 
Ötən il iş yerlərinin ixtisarı və müəssisənin bağlanması halları üzrə 32 mindən çox adam işsiz qalıb. Nazirlikdən deyirlər ki, keçən il köhnə sistemlə işsizlik müavinəti təyin olunanların sayı 15 minə yaxın olub.
 
Ancaq heç də hər işsiz qalan bu müavinətə iddia edə bilməyəcək, onun ən azı 3 il sığorta stajı olmaldır.
 
"Onsuz da gəlirimiz azalıb"
 
Amma "işsizlik pulunu" məmnunluqla qarşılamayan sahibkarlar var. Adının çəkilməsini istəməyən, reklam sahəsində xidmət göstərən sahibkar BBC Azərbaycancaya deyir ki, bu, onların xərcini artıracaq:
 
"Onsuz da gəlirlər azalıb, vergi və məcburi sosial sığorta haqqı ödəyirik. Devalvasiyadan sonra isə bir neçə işçini ixtisar etməli olduq".
 
 
"Vergilərə yenidən baxılsın"
 
Azərbaycan Sahibkarlar Konfederasiyasının hüquq və əmək münasibətləri şöbəsinin müdiri Xəqan Hümmətzadə isə yeni qaydaları müsbət qarşılayır, ancaq o da razılaşır ki, əlavə işsizlik sığorta pulunu ödəmək sahibkarların xərcinə təsir edəcək.
 
BBC Azərbaycancaya danışan Xəqan Hümmətzadə deyir, onlar təklif edirlər ki, məcburi sosial sığorta haqlarına və gəlir vergisinin faizinə yenidən baxılsın.
 
Hazırda Azərbaycanda 2500-ə qədər maaş alan işçinin əmək haqqından yaşayış minimumu çıxılmaqla üst-üstə 17,5 faiz gəlir vergisi, məcburi sosial və işsizlik sığorta haqları tutulur.(bbc)
 
 

Google+ WhatsApp ok.ru