Sizə borcum nə qədərdir?

Sizə borcum nə qədərdir?

-- Amma bir borc var ki, onun misli-bərabəri yoxdur.

Borc almaq, borclu olmaq, borc vermək, özünü borclu hiss etmək…
 
Hər biri ayrı-ayrılıqda bir mənanı ifadə edir. Amma hamısının kökündə bir söz var “BORC”.
 
Borclar müxtəlif olur. Amma bəzi borclar maddi formadan çıxır və sankı məsuliyyət şəklini alır. Məsələn, belə bir deyim var ki, övlad nə qədər çalışsa da valideynin borcundan çıxa bilməz.
 
Qısacası desək bu dünya elə borc yeridir. Çünki etdiyimiz hər bir əməl, yaxşılıq, yardım bizə qayıdır. Yəni, nə ediriksə sanki borc veririk, əmanət qoyuruq. Bir gün haqq-hesab günündə də nə qədər borc vermişiksə bizə qaytarılacaq.
 
Amma bir borc var ki, onun misli-bərabəri yoxdur. Onun adı “Vətənə olan borcdur.” Hərbi xidmətə yollananlara “Vətənə borcunu verməyə getdi” deyirlər. Bəli doğulduğun, böyüdüyün, çörəyini yeyib, suyunu içdiyin Vətənə hər birimizin borcu var. Bəs bu borcu necə qaytarmalıyıq? Təbii ki, onun dar günündə qorumaqla.
 
Vətənə olan borcunu qismən və tam ödəyənlər var. Hərbi xidmət keçmiş, miləti, dövləti, xalqı üçün çalışanlar Vətənə olan borclarını qismən ödəyirlər. Amma bu borcu yalnız bir qism insanlar tam ödəyə bilir. Kimdir onlar? ŞƏHİDLƏRDİR.
 
Şəhidlər öz canlarını fəda etməklə Vətənə olan borclarını bağlayırlar. Amma bununla bitirmi Şəhidlik məqamı?
 
Şəhidlər canlarını fəda etməklə ən yüksək zirvəyə ucalır, borc qaytarmaqla bərabər borc verirlər. Uğrunda şəhid olduqlarına borc verirlər. Canlarını qurban verdikləri vətən övladlarına borc verirlər.
 
Məhz şəhidlərin sayəsində bu gün rahat nəfəs alırıq. Yediyimiz çörəkdə, içdiyimiz suda, aldığımız hər nəfəsdə belə şəhidlərimizə borcluyuq.
 
P.S. Bəzən kimsə “mənim kimsəyə borcum yoxdur” deyir. Amma unutmaq lazım deyil ki, hər birimizin borclu olduğu Şəhidlər var. Özü də ödəməklə bitməyən, amma ödədikcə yenə ödəmək istədiyin borc…
 
(Orxan Əli/Mübarizim.az)
 

Google+ WhatsApp ok.ru