Öskürəklə müşayiət olunan viruslardan necə qorunaq? - həkim məsləhəti

Öskürəklə müşayiət olunan viruslardan necə qorunaq? - həkim məsləhəti

Tanınmış həkim insanlar arasında geniş yayılmış yanlış özünümüalicə və onun mümkün fəsadlarından danışdı
 
Adəti üzrə payız mövsümü özü ilə bərabər bir çox xəstəliklər də gətirir. Havaların dəyişkən keçməsi nəticəsində həm böyüklər, həm də uşaqlar arasında öskürək, soyuqdəymə kimi xəstəliklərin yayılması artır. Xüsusən də son günlər öskürəklə müşayiət olunan virusların da artdığı müşahidə olunmaqdadır. Bəs bu cür viruslardan özümüzü necə qoruyaq?
 
 
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tanınmış pediatr Vaqif Qarayev öncə bunları dedi: “Ümumiyyətlə, cəmiyyətimizdə əksər hallarda burun tutulanda, boğaz ağrıyanda buna qrip deyirlər. Əslində isə qrip çox ağır xəstəlikdir. Yəni özünün xüsusi qrip virusları tərəfindən törədilən, son dərəcə ağır gedişatlı, hətta ölümcül ağırlaşmaları olan, çoxsaylı epidemiyalarla yoluxan xəstəlikdir. Bu virusların 3 tipi var - A, BJC tipli. Bunlar arasında ən təhlükəlisi olan A tipidir. Son vaxtlar dünyada yayılan quş qripi, donuz qripi həmin A tipinə məxsusdur. Yəni, bu tip qrip insanı öldürə, çoxsaylı insanları yoluxdura bilir. Beləliklə, hər soyuqdəyməyə qrip demək olmaz, bu, kökündən yanlışdır. Amma hələ ki məişətdə bu ifadə oturuşub. Lakin tibbi baxımdan bu xəstəliklərə kəskin respirator xəstəlik deyilir. Daimi gedişlidir, qızdırma insanları o qədər də incitmir, tez sağalır və sairə. Müdaxilə də adekvat olur. Çünki qrip xəstəliyində daha ciddi müdaxilə tələb olunur ki, ağırlaşma, insan ölümü baş verməsin, epidemiya çox yayılmasın”.
 
 
Həkim qeyd etdi ki, epidemiya dövlət üçün çox ciddi, həddindən artıq maliyyə vəsaiti tələb edir: “Məsələn, ötən il Gürcüstanda donuz qripi yayılanda hökumət insanların müayinədən keçməsinə, müalicəsinə pul çatdıra bilmirdi. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı məcbur oldu ki, müdaxilə edib, köməklik göstərsin. O ki qaldı viruslardan necə qorunmağa, ümumiyyətlə, mövsümü xəstəliklər uşaq kollektivlərində daha çox yayılır. Xüsusən də bağçalarda, məktəblərdə. Bunun da əsas səbəbi odur ki, uşaq xəstə olanda valideyn onu həmin vəziyyətdə kollektivə göndərir. Xəstə uşaq bağçaya, məktəbə gedəndə isə ilk öncə özü gec sağalır, ağırlaşma ehtimalı artır, bu zaman müalicə də uzun çəkir, daha sonra isə ətrafındakı uşaqları yoluxdurur. Bunun üçün də heç bir xəstə uşaq heç vaxt nə bağçaya, nə də məktəbə getməməlidir. Valideynin arqumenti var ki, evdə qalanda həmin gün işindən, qazancından olur. Yəni əksəriyyəti bu arqumenti bildirir. Əslində bu düzgün deyil. Qazanc əldə edir, amma uşağı digər uşaqlar yoluxdurur. Eyni zamanda müəssisələr də xəstə uşaqları qəbul etməməlidir. Müəssisənin tibb personalı bu məsələyə diqqət etməlidir və bu mütləqdir”.
 
 
Həkim virusdan necə qorunmaq barədə öz tövsiyələrini bildirib: “İnsanın ən çirkli əzası əlləridir. Uşaqlar tez-tez əllərini yumalıdır. Qoruyucu maska taxıb, viruslardan qorunmağa çalışırlar. Əslində isə qoruyucu maskaları xəstə insanlar taxmalıdır. Qoruyucu maska ilə virusun qarşısını ala bilərik desəm, səhv fikir olar. Xəstə insan, uşaq ətrafını yoluxdurmamaq üçün qoruyucu maska taxmalıdır. Uşaqları qorumaq üçün insanların çox olduğu yerlərə aparmaqdan çəkinmək lazımdır. Viruslardan qorunmaq üçün əsas şərtlərdən biri də təmiz havada çox olmaqdır. Diqqət edirəm ki, valideynlər uşaqları təmiz havaya çıxardanda onların ağız-burnunu bərk-bərk bağlayır. Uşaq doğru-dürüst nəfəs ala bilməyəcəksə, onda onu təmiz havaya çıxarmağın nə xeyri oldu? Yəni uşağın normal tələffüz alması üçün şərait yaradılmalıdır. Həmçinin uşaqlar daim hərəkətdə olmalıdır. Evin, otağın havası daim dəyişdirilməlidir. Menyu mevyə-tərəvəzlə bol olmalıdır. Maye daha çox qəbul olunmalıdır. Daha keyfiyyətli yeməklər yeməlidir. Əslində bu dediklərim böyüklərə də aiddir. Əgər bu tövsiyələrə əməl olunsa, virusa yoluxma ehtimalı azalacaq, olsa belə xəstəlik yüngül keçəcək”.
 
 
Pediatr həkim məsləhəti olmadan soyuqdəymə əleyhinə dərman preparatlarından istifadə edilməsini pisləyib: “Valideynlər telefonda, sosial şəbəkələrdə ”mənə bir öskürək dərmanı deyin" deyə xahiş edirlər. Ya da apteklərdən özbaşına uşaq üçün öskürək dərmanı almağa çalışırlar. Bu, yolverilməzdir və heç bir halda düzgün deyil. Əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, çünki öskürək tədricən özü keçir. Vəziyyət ciddidirsə, həkim baxışı olmadan virtual müalicə və əczaçının verdiyi dərmanla uşağı müalicə etmək düzgün deyil. Bu, uşağın vəziyyətini daha da ağırlaşdırır. Çünki həkim öskürəyin səbəbini öyrənərək dərman yazır. Apteklərdə isə ümumi öskürək dərmanı verilir və bu da heç bir təsir göstərmir".
 
V.Qarayev vurğulayıb ki, son vaxtlar dəbdə olan inhalyasiya aparatından da özbaşına istifadə düzgün deyil: “Valideynlər birdəfəlik bilməlidirlər ki, hər öskürəkdə dərman müalicəsi lazım olmadığı kimi, inhalyasiya aparatından istifadə, antibiotik qəbulu da yolverilməzdir. Çünki antibiotik uşaqların immun sistemini aşağı salır, göbələk xəstəliyinə, qaraciyər və böyrək çatışmazlıqlara səbəb ola bilir. Əgər virus infeksiyası fəsadlaşma, məsələn, bronxit, qaymarit, astma, pnevmoniya yaradırsa, o zaman antibiotik tərkibli dərmanlardan istifadə etmək olar. Ümumiyyətlə, antibiotiklərin mənfi təsirləri çoxdur, buna görə də valideynlər uşağa məsləhətsiz dərman preparatları verməməlidirlər”.
 
 

Google+ WhatsApp ok.ru