İslahatlar alternativsizliyi

İslahatlar alternativsizliyi

"Novoye Vremya" qəzetində diqqəti "Ağırlıq neftin, yoxsa islahatların üzərinə qoyulur"  sərlövhəli məqalə cəlb edir.
 
Müəllif 2018-ci il dövlət büdcəsi layihəsi fonunda neftin hansı qiymətə olmasına baxmayaraq, qeyri-neft sahəsində islahatların heç bir halda təxirə salınmaması mövqeyini müdafiə edir.
 
Bu mövqeyin əsaslılığını müəllif belə arqumentləşdirir: "Neftin qiyməti 50 dollardan bir az yuxarı qalxan kimi neft hasil edən ölkələrdə eyforiya başlayır. Qeyri-neft sektorunda islahatlar, ixrac məhsulları istehsalının artırılması, neftin unudulması kimi çağırışlar heçə endirilir. Bu ölkələrin büdcəsi yenidən neftin barelinin qiymətinə istinadən formalaşır və bu məsələdə Azərbaycan da istisna deyil".
 
Yazıda deyilir ki, Azərbaycanın 2018-ci il büdcəsində neftin dəyəri 45 dollardan hesablanır, həmin il üçün büdcə gəlirləri 20,127 milyard manat, xərclər 20,905 milyard manat, büdcə kəsiri 778,7 milyon manat nəzərdə tutulur.
 
Müəllif hətta indiki neft kotirovkaları ilə hesabladıqda büdcədə kəsirin yaranmasına səbəb aşağıdakıları göstərir: "Əlbəttə, qeyri-neft sahəsinin olmaması bura aiddir. Ölkə iqtisadiyyatını "üzdə saxlayan" yeganə sahə neftdir. Öz növbəsində nəticə kimi bunu demək olar ki, iqtisadiyyatın digər sahələri səmərəsiz qalmaqda davam edir. Əgər qeyri-neft sahəsi uğurla inkişaf etsə idi dövlət büdcəsində çoxdan profisitə nail olunmuşdu".
 
Müəllif rəsmi qurumlara istinadən dövlət büdcəsinə gəlirlər sahəsində xarici və daxili risklərin də qaldığını göstərir. Xarici risklərə neftin qiymətinin aşağı düşməsi və qiymətin aşağı düşməsilə ticarət balansında müsbət saldonun azalması, strateji valyuta ehtiyatlarının kiçilməsi və bunun tədiyə balansına birbaşa mənfi təsir etməsi, manata təzyiq başlaması və s. göstərilir.
 
Yazıda vurğulanır ki, iqtisadi böhran dövründə ölkədə iqtisadiyyatı neft asılılığından xilas edəcək iqtisadi model hazırlanmayıb və günah hökumətdədir ki, hətta ortamüddətli dövr üçün antiböhran tədbirləri belə hazırlaya bilmədi.
 
Müəllif ümumi daxili məhsulun payında qeyri-neft sahəsinin payının artması, neftin payının azalması kimi rəsmi informasiyaları inandırıcı saymır və deyir ki, hətta bu hal doğrudursa da iqtisadiyyata uzunmüddətli təsir göstərə, qızıl-valyuta ehtiyatlarının artmasına səbəb ola bilməz.
 
Müəllif hesab edir ki, iqtisdiyyatda makrosabitliyə ancaq bütün qeyri-neft sahəsinin və üstəgəl neft sahəsinin uğurlu fəaliyyətilə nail olmaq olar.
 
Yazı müəllifi deyir ki, Azərbaycanda makrosabitliyə olan riskləri aradan qaldırmaq üçün ağırlıq neftin yox, real iqtisadi islahatların üzərinə qoyulmalıdır və başqa yol da yoxdur.(contact.az)
 

 

Google+ WhatsApp ok.ru