İSLAM – QƏDDARLIQ, YOXSA MƏRHƏMƏT?!

İslamın inadkar düşmənləri heç vaxt ona qarşı kinlərini gizlətməmiş və daim ona zərbə vurmağa cəhd etmişlər. Bu elə İslamın ilk çağlarından başlamış və indinin özünə qədər də davam edir və müasir dövrdə dünya imperializmi tərəfindən daha çox təhdidə məruz qalır. Artıq onlar İslamı daha böyük miqyasda – ümumdünyəvi sülh ideyaları və insan haqları ilə qarşı-qarşıya qoyaraq onu qəddarlıqda suçlamağa çalışırlar. Təəssüflər olsun ki, onlara öz çirkin məqsədlərinə çatmaqda bir sıra müsəlman ölkələrində nümunələr hazırlamaq çətin deyildir. Məsələn, özlərinin yaratdıqları “İŞİD” kimi anti-İslam hərəkatı əllərində bir dəstəkdir. Bəli, Onlar Allahdan xəbərsiz bir qrupun əlilə törətdikləri cinayətlərlə İslamı dünya ictimaiyyətinin gözündən salmağa can atır, bunu istənilən informasiya vasitələrilə baş xəbərlərin sırasına keçirməkdə əllərindən gələni əsirgəmirlər. Xoşbəxtlikdən, əksər müsəlman xalqları bu hadisələri İslama yad hesab edir və onun mütərəqqiliyini təhdid edən addımlar sanırlar. Demək, bu gün İslamın qəddar, yoxsa ülfət və mehribanlığı sevən, isti münasibətləri dəstəkləyən bir din olduğu anlamının aydınlaşdırılması zəruri nəzərə çarpır.

 

QURANİ-KƏRİMDƏ RƏHMƏT VƏ ŞƏFQƏT

İslam əsaslarının təməli olan müqəddəs Qurani-Kərim onun rəhmət, şəfqət və məhəbbət dini olduğunu elan edir:

1. Qurani-Kərimin 114 surəsindən 113-ü İslamın rəhmət və məhəbbət dini olduğunu göstərən “Bismillahir-rəhmanir-rəhim!” (Bağışlayan və mehriban Allahın adı ilə!) ifadəsi ilə başlayır. Təkcə “Bəraət” surəsi “Bismillah”sızdır ki, onun da aydın dəlilləri var. Onun “Bismillah”sız başlamasının səbəbi hidayət və islaha ümid yeri qalmayan müşriklərə və İslamın inadkar düşmənlərinə elan edilən son qəti müraciətlə əlaqədardır. “Bismillah” mərhəmətin varlığı, “bəraət” isə amanın götürülməsi deməkdir. Aydındır ki, döyüş zamanı inadkar düşmənlə rəhmət və məhəbbətdən söz gedə bilməz. Başqa sözlə, Qurani-Kərimdə “qəzəb”lə “rəhmət”in nisbəti 114-ə 1-dir, yəni İslamda “qəzəb” rəhmət və məhəbbətin keşiyində durur. Bundan da ideal bir ideya varmı?!

2. “Ər-rəhman” surəsinin 60-cı ayəsində belə buyurulur:

هَلْ جَزَاء الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ

“Məgər yaxşılığın əvəzi yaxşılıq deyilmi?”

Rəhmət, məhəbbət, dostluq və yaxşılıqdan danışan bu şərif ayə müsəlmanların ən mühüm şüarıdır. Quranda, hətta müsəlmanlara pislikləri yaxşı rəftar və ədəblə qarşılamaları tövsiyə olunur! Buna “Muminun” surəsinin 96-cı ayəsini misal göstərmək olar:

ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ

Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et.”

Bəzən ən azğın düşmənlərinin pislik və hörmətsizliklərini ülfət və güzəştlə qarşılamağı öz peyğəmbərinə tövsiyə edən bir din, doğrudan da, məhəbbət, şəfqət, rəhmət və səfa-səmimiyyətlə doludur!

3. “Casiyə” surəsinin 14-cü ayəsində belə buyurulur:

قُل لِّلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لا يَرْجُون أَيَّامَ اللَّهِ لِيَجْزِيَ قَوْمًا بِما كَانُوا يَكْسِبُونَ

“(Ey Peyğəmbər!) İman gətirənlərə de ki, Allahın (ölüm, bərzəx və qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əməllərinə görə (Özü) cəzalandırsın.”

Bu ayəyə əsasən, şəfqət və mərhəmət yalnız müsəlman və möminlərə xas deyil və qeyri-müsəlmanlara qarşı da rəva görülür.

4. İslam Peyğəmbərinin (s) qeyri-adiliklərindən biri də insanların qəlblərinə təsiri idi. “Ali-İmran” surəsinin 159-cu ayəsində belə buyurulur:

فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ...

Allah tərəfindən olan rəhmətin sayəsində onlarla (camaatla) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, hökmən sənin ətrafından dağılışardılar...”

Bu ayəyə əsasən, Peyğəmbərin şəfqət və mehribanlığı ilahi lütf və mərhəmətdən qaynaqlanır. Odur ki, “Ənfal” surəsinin 63-cü ayəsində belə buyurulur:

لَوْ أَنفَقْتَ مَا فِي الأَرْضِ جَمِيعاً مَّا أَلَّفَتْ بَيْنَ قُلُوبِهِمْ وَلَـكِنَّ اللّهَ أَلَّفَ بَيْنَهُمْ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ

(Ey Peyğəmbər!) Əgər sən yer üzündəkilərin hamısını xərcləsəydin də, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən, O, yenilməz qüdrət və hikmət sahibidir.”

O zaman geridə qalmış bədəvi tayfaları, ayrıseçkiliklə dolu qrupları birləşdirib qüdrətli bir xalqa çevirərək hakimiyyət qurmaq möcüzə idi. Deməli, mürtəce insanların arasında ülfət, məhəbbət və səfa-səmimiyyət yaratmağı İslam Peyğəmbərinin (s) möcüzəsi bilsək, sözsüz, yanılmarıq!

5. Allah-Taala “Bəqərə” surəsinin 208-ci ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin aşkar düşməninizdir.”

Bu ayəyə əsasən, sülh və barışıq İslamın əsas prinsiplərindən biridir. Odur ki, sülh və barışıqdan yayınıb təfriqə salanlar, qalmaqal törədənlər şeytanın ardıcılları kimi tanıtdırılır! Yəni sülh və barışıq ilahi duyğu, qalmaqal yaratmaq isə şeytani bir işdir.

6. Qurani-Kərimdə bəzən Allah-Taalanın əzəmətinə dair nişanələrindən söz açılır. Məsələn, “Rum” surəsinin 21-ci ayəsində belə buyurulur:

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Aramlıq tapmağınız üçün sizə (mələklər, cinlər və ya başqa məxluqlardan deyil,) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, mehr-məhəbbət yaratması onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.”

Ayədə qeyd olunan “bəynəkum” (sizin aranızda) ifadəsi insanlar arasındakı mehr-məhəbbət, dostluq rabitələrindən söz açır. Bunun rəhman Allahın nişanələri arasında qeyd olunması vurğulanan mövzunun əhəmiyyətini göstərir.

İmam Sadiq (ə) buyurur: “Məgər din məhəbbətdən başqa bir şeydirmi?!...” (“Mizanul-hikmət”, 2-ci cild, fəsil: 666, hədis: 3257.)

Bir sözlə, insanlar arasındakı isti münasibətlər ilahi mənşəyə malik mədəni-ictimai həyatın təməlini təşkil edir.

 

Rza Şükürlü

Google+ WhatsApp ok.ru