İslam Aləmi Liqasının nümayəndələri Srebrenitsada faciə qurbanlarının xatirəsini yad ediblər

İslam Aləmi Liqasının nümayəndələri Srebrenitsada faciə qurbanlarının xatirəsini yad ediblər

İslam Aləmi Liqasının baş katibi Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib.
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki,  Bosniya-Herseqovinaya səfər çərçivəsində Məhəmməd əl İsa Potoçaridə Memorial mərkəzi ziyarət edib.
 
İki həftə bundan əvvəl o, Osvensim nasistlərin əsir düşərgəsi dustaqlarının azad edilməsinin 75 illiyinə həsr olunan tədbirlərdə iştirak etmişdi. Bununla da Məhəmməd əl İsa ölüm düşərgəsini nə vaxtsa ziyarət edən islam dünyasının ilk yüksəkvəzifəli nümayəndəsi oldu.
 
“İslam Aləmi Liqası nümayəndə heyətinin səfəri dünyaya mühüm siqnal göndərir: biz heç vaxt və heç bir vəchlə Srebrenitsa faciəsinin təkrarına yol verməyəcəyik – nə burada, nə də ki, Yer kürəsinin başqa regionunda”, - deyə islamın mötədil prinsiplərinin irəliləməsində və konfessiyalararası tərəfdaşlıqda dünya lideri kimi geniş tanınan doktor əl İsa izah edib.
 
“Bu memorial təkcə dözülməz ağrı yeri deyil, həm də bütün müsəlmanlar üçün mətin iradə simvoludur. O, bizə xatırladır ki, ekstremizm və ədavət xeyirxah insanlara qarşı nələr edə bilər və hakimiyyətdə olan şəxslər buna bənzər zorakılığa heç cür mane ola bilməz. Biz təkcə islam aləmində deyil, bütün bəşəriyyət miqyasında Srebrenitsa soyqırımı barədə xatirəni yadda saxlamağa və bosniyalılara qarşı ötən əsrin 1990-cı illərində törədilən kütləvi cinayətkarlıq barədə həqiqəti qorumağa borcluyuq”, - deyə təşkilatın rəhbəri əlavə edib.
 
Məhəmməd əl İsanı Memorial mərkəzin işlər komitəsinin prezidenti Şefket Hafizoviç, direktor Emir Sulyagiç, həmçinin soyqırımı qurbanlarının doğmaları və faciənin şahidləri qarşılayıblar.
 
“Srebrenitsadakı Memorial mərkəzin qapıları bəşəriyyətə qarşı cinayəti tanıyan və soyqırımı haqqında düzgün məlumatların yayılmasına istiqamətlənən maarifləndirmə proqramlarını fəal şəkildə dəstəkləməyə və həmçinin gələcəkdə bizimlə bərabər buna bənzər faciələrin qarşısını almağa hazır olan hər kəsin üzünə açıqdır”, - deyə Ş.Hafizoviç bəyan edib.
 
Qeyd edək ki, Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.
 
Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.
 

 

Google+ WhatsApp ok.ru