İslam alimləri Əqsa barədə çağırış etdilər, növbəti cümə ‘Qəzəb cüməsi’ elan olunub

İslam alimləri Əqsa barədə çağırış etdilər, növbəti cümə ‘Qəzəb cüməsi’ elan olunub

Mərkəzi ofisi Qətərin paytaxtı Dohada yerləşən Beynəlxalq İslam Alimləri İttifaqı (BİAİ) bütün müsəlman xalqlarına müraciət edərək İsrailin Əqsa məscidinə qarşı təxribatlarının qarşısını almaq üçün addım atmağa çağırıb.
 
Maide.Az "felestin.info"a istinadla xəbər verir ki, İslam dünyasına edilmiş müraciət martın 14-15-də təşkilatın qəyyumlar palatasının İstanbulda keçirilmiş iclasının yekununda səsləndirilib.
 
İttifaq son dövrlər İsraillə əlaqələri normallaşdıran ərəb ölkələrini və liderlərini bu addımlarına görə qınayıb, onların işğalçı İsrailin Fələstin xalqına qarşı cinayətlərində şərik olduğunu bəyan edib.
 
Vurğulanıb ki, bir sıra ərəb ölkələrinin İsraillə əməkdaşlıq etməsi bu rejimi Əqsa məscidinə qarşı növbəti hücumlar üçün cürətləndirir.
 
İttifaq bir daha təsdiq edib ki, Bab əl-Rəhmət namazxanası Əqsa məscidinin ayrılmaz tərkib hissəsidir, bu abidəyə qarşı hər hansı hücum bütün müsəlman dünyasına qarşı hücumdur.
 
Bildirilib ki, Bab əl-Rəhmətə qarşı hücumlar Əqsa məscidinin zaman və məkan olaraq parçalamağa yönəlib. Bu səbəbdən müsəlman ölkələrindəki bütün vəqf və ianə qurumlarına müraciət edilərək Əqsa məscidində könüllü mühafizə xidməti göstərən qüdslü fəallara maddi yardım göstərilməsinə dair çağırış edilib.
 
Bəyanatda, həmçinin başda Məkkədəki Məscidül-Haram və Mədinədəki Məscidün-Nəbi olmaqla bütün müsəlman ölkələrindəki məscidlərdə söylənən xütbələrin, moizələrin və duaların Əqsa məscidinə həsr olunmasına dair də çağırış edilib. Bundan əlavə növbəti cümənin "Qəzəb və Əqsa məscidinə dəstək cüməsi" kimi qeyd olunması vurğulanıb.
 

Google+ WhatsApp ok.ru