İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ – SƏRTLİYİ TƏRK ETMƏK (4)

İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ – SƏRTLİYİ TƏRK ETMƏK (4)

İctimai aləmdə, xüsusilə, beynəlxalq problemlərin həllində sərtliyə əl atmağın ağır zərərləri, belə çəkişmələrin təhlükəli və acı nəticələri hamıya məlum məsələdir. Bunlar ürəklərdə ədavət və kin-küdurət hissini oyadır, intiqam atəşini şölələndirir. Sərtlik nəinki böhran və çətinlikləri azaltmır, əksinə, çox vaxt onları şiddətləndirir, artırır və bir çox gərginliklər elə oradan qaynaqlanır. Onun xeyrindən çox zərəri vardır və belələri ona görə həmişə ağır cərimələr ödəməli olurlar. Lakin bu əməlin bütün nöqsanları, təhlükələri və acınacaqlı aqibətini anladığımız halda çoxlarımız hər hansı çətinliyi aradan qaldırmaq üçün onu ilkin yol görürük. Deməliyik ki, sülhməramlı yollardan istifadə və sərtlikdən uzaqlaşma şüurun, sərtlik isə hiss və həyəcanın əlamətlərindəndir. Bunu da bilirik ki, şüurun inkişafı insani təkamülün son mərhələsi, hiss və həyəcanın dövranı isə ondan çox geridir. Həqiqətdə insanların əksəriyyəti hiss və duyğular içində yaşayır və həmişə onun təsirinə məruz qalırlar. Uşaqlıq çağları duyğuların inkişaf dövrü olsa da, mövcud insanın üzərində aparılan sosioloji araşdırmalar göstərir ki, onların çoxu psixoloji baxımdan uşaqlıq dövrünü ötüb keçə bilmir və çox vaxt böyüklərin sərtlik, zor və həddiaşma halları həmin çatışmazlığın əlamətləridir. İlk baxışda çoxları belə halları təbii, məqsədəuyğun saysa da, problemlərin həlli baxımından onların dəyər və yeri tam arxa plana düşür və insanın üzünə hər bir ağıllı məsləhət və üsulun bağlandığı təqdirdə, həmin reaksiyalara icazə verilir. Bildirməliyik ki, yenilməz şəxs, yaxud yenilməz xalq isə ictimai problemlərini aradan qaldırmaq üçün hər yerdə sərtliyə zərurət görmür. Onların çoxunu sülh yolu, məsləhət və götür-qoyla həll etmək mümkündür.

İslam bu məsələyə yüksək əhəmiyyət verərək bəşərin həyatında sülh, dostluq və mehribanlığın rolu barədə faydalı təkliflər irəli sürür, ardıcıllarını da həmin ideya uğrunda yaşamağa çağırır. Hədislərdə sülh və dostluğa dair tövsiyələr ayrıca bir fəsli təşkil edir və bu məsələ ilə bağlı İslamın nəzərini bilmək üçün bir neçə hədisi qeyd edirik:

1. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّ فِي الرِّفْقِ الزِّيادَةَ وَالْبَرَكَةَ وَمَنْ يُحْرَمُ الرِّفْقَ يُحْرَمُ الْخَيْرَ

“Dostluq və mehribanlıqda vüsət və bərəkət vardır. Ondan məhrum olan isə xeyirdən məhrumdur.” (“Biharul-ənvar”, 75-ci cild, səh.60.)

Bu hədisdə açıq-aydın deyilir ki, xeyir-bərəkət dostluq və mehribanlıqdadır və onsuz xeyir-bərəkət də çəkilir.

 

2. Peyğəmbəri-Əkrəm (s) buyurur:

ما اَصْطَحَبَ اثْنانِ اِلّا كانَ اَعْظَمُهُما اَجْراً وَاَحَبُّهُما اِلَى اللهِ اَرْفَقَهُما بِصاحِبِهِ

“İki dostdan hansı biri digərinə qarşı daha çox mehriban olsa, savabı daha çox və Allah yanında daha sevimlidir.” (“Biharul-ənvar”, c.76, səh.268.)

Bu hədisə görə də həyatda dostluq və mehribanlığı artıq olanlar Allah yanında böyük savab və məhəbbətlə müjdələnirlər.

 

3. İmam Baqir (ə) buyurur:

مَنْ قُسِمَ لَهُ الرِّفْقُ قُسِمَ لَهُ الْاِيمانُ

“Hər kəsə dostluq nəsib olsa, iman da nəsib olar!” (“Kafi”, c.2, səh.118.)

Mərhum Feyz Kaşani “Vafi” kitabında dostluq və mehribanlığın imanla əlaqəsini belə izah edir: “Adətən, sərtlik insandan ixtiyarı alır və əsəb sistemini pozur. O zaman şəxs hər bir xəta və küfrə də yol verə bilər.” Bu əlaqəni başqa cür də izah edə bilərik. O da budur ki, adətən, sərtlik insanı Allahın məxluquna, sonra da Xaliqə qarşı bədbin edir və bunların heç biri kamil imanla uyğun gəlmir. Başqa sözlə, həmişə sərt və qəzəbli adamların dostu az olur və bununla da, onlar yavaş-yavaş cəmiyyətdən uzaq düşürlər. Cəmiyyətdən ayrılmağın özü məxluq və Xaliqə qarşı bədbinlik nişanəsidir.

 

4. İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

اِنَّ الرِّفْقَ لَمْ يُضَعْ عَلى شَيْءٍ اِلّا زانَهُ و لا نُزِعَ مِنْ شَيْءٍ اِلّا شانَهُ

“Dostluq və mehribanlıq hər nəyə qoşulsa, onu zinətləndirər və hər nədən ayrılsa, o şey gözdən düşər.” (“Kafi”, c.2, səh.119, hədis 6.)

Bu hikmətli hədisə əsasən, sülh və dostluq hər şeyə gözəllik bəxş edir, sərtlik isə hər şeyi, hər işi və hər kəsi pis və çirkin göstərir.

Burada mühüm məsələ odur ki, çox vaxt İslam düşmənləri ona sərt don geyindirməyə, onda baş verən müharibələri bəhanə edərək, hər yerdə onu gözdən salmağa çalışırlar. Halbuki Peyğəmbərin (s) təkcə həmin müharibələrdəki onun qanına susayan, dəvəti müqabilində təhlükə yaradan düşmənləri, eləcə də əsirlər, məğlubiyyətə uğrayan qövmlər və müharibə meydanlarında yaralılarla rəftar və davranışı ilə tanış olduqda, İslamın sülh və dostluq münasibətlərindəki parlaq səhifələrinin şahidi olacaq, onun zor və sərtliyə qarşı qəti mövqeyi aydınlaşacaqdır. Bundan da mühüm məsələ odur ki, bəzən ruhaniləri orta əsrin qəddar xristian keşişlərinə bənzətməklə, yaxud ictimai dünyagörüşü aşağı olan bir sıra din xadimlərinin yönsüz fikir və rəftarlarını əldə dəstək etməklə həmin şübhələri daha da qabartmaq istəyənlər az deyildir. Demək, biz müsəlmanlar da sərtliyin tərkinə dair İslamın yetərli göstərişlərinə itaət etməli, cəmiyyət arasında davranışlarımıza diqqət yetirərək, İslamın sülh və dostluğa dair həqiqi simasını nümayiş etdirməli və müxalif qüvvələrin zəhərli təbliğatlarını öz əməllərimizlə beyinlərdən silməliyik. İslam müharibələrinə gəldikdə isə, onların müdafiə və yaxud azadlıq uğrundakı səbəblərini aydınlaşdırmaqla şübhələri aradan qaldırmaq çətin deyildir.

Amma sülh, dostluq, mehribanlıq və ya sərt davranışa əl atmamaq dedikdə, zülmkarların, zor tətbiq edənlərin, inadkar düşmənlərin və istismarçıların müqabilində təslim olmaq nəzərdə tutulmur. Bu məsələ Qurani-Kərimin “Fəth” surəsinin 29-cu ayəsində belə açıqlanır:

{أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ}

“Onunla birlikdə onlar kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mehribandırlar.”

Beləliklə, müsəlmanlar inadkar və rəhmsiz düşmənləri müqabilində mütləq sərt mövqe seçməli, dostlarına qarşı isə mərhəmətli olmalı və qələbə çaldıqları düşmənləri ilə də onlar tərəfindən yeni hücum ehtimalı verilməyənə qədər mehriban davranmalıdırlar. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh. 144-148.)

 

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru