İslam dinində elmə verilən önəm

Quranla tanışlıqdan sonra İslami təfəkkürün mahiyyət və prinsipləri aydın olur

Elmin insan həyatının çiçəklənməsində müstəsna rolu vardır. Elmi nailiyyətlər nəticəsində bəşər həyatıdaha da gözəlləşməyə doğru irəliləməkdədir. Elm zülmətdən işıqlığa və səadət nuruna yetişməkdə bəlkə də yeganə vasitədir. Hər bir cəmiyyətin həyat səviyyəsinin yüksəlişi, tərəqqisi, həmin toplumda elmin inkişafından, elmə marağın hansı səviyyədə olmasından və daha bir çox elmlə bağlı ünsürlərin həmin cəmiyyətdə olub-olmamasından asılıdır. Cəhalət və savadsızlığın hakim olduğu bir təbəqə və cəmiyyət sonunda süquta məhkumdur.
 
İnsan həyatının hərtərəfli tərəqqisinə hava kimi lazım olan elmə İslami ədəbiyyatda nə qədər önəm verildiyi İslami təfəkkürlə az-çox tanışlığı olanlara məlumdur.İstər səmavi kitab olan Quranda, istərsə də başqa islami mənbələrdə bəşər övladına elmin dəyəri və insan həyatındakı əvəzedilməz rolu barədə daim xəbərdarlıqlar edilmiş, elm öyrənənlərə, alimlərə böyük hörmətlə yanaşılmış, cəhalət və cahillər isə kəskin şəkildə məzəmmət olunmuşdur.
 
Hər bir dinin öz atributları vardır.Quran İslam dininin atributudur. İslamın dilini anlamaq üçün sözsüz ki, Qurana müraciət etmək lazımdır. Quranla tanışlıqdan sonra İslami təfəkkürün mahiyyət və prinsipləri aydın olur. Qurani Kərimdə düz 105 dəfə “elm” sözündən istifadə olunmuşdur. Quranın təqribən dörddə bir hissəsi elm haqqındadır. Qurani Kərimin Zumər surəsinin 9-cu ayəsində İslam Peyğəmbərinə bu cür deyilməsi əmr olunur :
“De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?”
 
Qurani Kərimin bəzi ayələri hər hansı şəxslərin müəyyən bir vəzifəyə təyin olunmasında yalnız elm və savadı meyar qərar verir. Bəqərə surəsini 247-ci ayəsində deyilir :
“…Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir”.
 
Başqa ayələr elm və imanın bir-birilə sıx rabitəsinin təcəssümüdür. Ali İmran surəsinin 7-ci ayəsində buyrulur :
“Elmdə qüvvətli olanlar isə: “ Biz onlara (Allahın ayələrinə) iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər”.
 
Nisa surəsinin 162-ci ayəsi buyurur :
“Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!”
 
Səba surəsinin 34-cü ayəsində deyilir :
“Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun (möminlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər”.
 
Başqa dinlərdən fərqli olaraq İslam dinində müxtəlif sahələrdə elmə yiyələnmiş şəxsləri odda yandırmaq və ya edam etmək kimi prinsiplər mövcud olmamışdır.Bəlkə əksinə alimlər daim İslam dininin ən çox ehtiram etdiyi bir təbəqə olmuşlar.
 
Mücadilə surəsinin 11-ci ayəsində bu haqda deyilir :
“Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mömin qardaşlarınıza) yer verin!” – deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!”
 
Hətta bəzi ayələrdə bütün kainatın tək yaradıcısı olan uca Allah alimləri Özü ilə bir “mərtəbədə” qərar verir. Bu haqda Ali İmran surəsinin 18-ci ayəsi deyir :
“Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər”.
 
İslam dinində elm o qədər əhəmiyyətli hesab olunur ki, elm öyrənmək hamıya vacib edilmişdir.Bu haqda İslam peyğəmbəri həzrəti Məhəmməd (s) buyurur : “Elm öyrənmək hər bir müsəlmana vacibdir”. Hədisin mənası elm öyrənməyin başqa dini vaciblərlə bir rədifdə qərarlaşmasına və hansısa xüsusi bir qrupa aid edilmədiyinə (həm kişilərə və həm də qadınlar) işarə edir. İslami ədəbiyyatda bütün əsrlər boyu “elm öyrənməyin vacibliyi” və ya bu kimi fəsillər mövcud olmuşdur. Hətta İslamda ən önəmli sayılan Qədr gecələrində də ən yaxşı və ən fəzilətli əməlin məhz elm öyrənmək, elmi diskusiyalar aparmaq olması hesab olunur. Bu haqda böyük islam alimlərdən sayılan İbni Babaveyh özünün “Əmali” kitabının 93-cü məclisində buyurur :
“Bu iki gecəni (Ramazan ayının 21 və 23-cü gecələri nəzərdə tutulur) elmi mövzuları diskusiya etməklə keçirmək daha yaxşıdır”.
 
Böyük ehtimal ilə İbni Babaveyhin bu sözü İslam peyğəmbəri həzrəti Məhəmmədin (ə) ən yaxın səhabələrindən sayılan Əbuzərə etdiyi nəsihətlərdən aldığı nəticə əsasında olmuşdur. Uzun bir hədisin sonunda İslam peyğəmbəri buyurur : “…ey Əbuzər, sənin üçün bir saat elmi müzakirələr etmək, bir il gündüzləri oruc tutub, gecələri namaz qılmaqdan daha yaxşıdır”.
 
Bütün bunların hamısı İslam dininin elmə, elm öyrənməyə və alimlərə verdiyi hədsiz önəm və dəyərin göstəricisidir. Bəzi şəxslərin İslam dinini savadsızlığı yayması kimi fikirləri isə kökündən yanlışdır.Çünki bu iddia ilə çıxış edənlər ya bilərəkdən İslam dininə cəhalətin təbliğçisi donunu geyindirmək fikrindədir, ya da özləri həqiqi İslam təfəkküründən xəbərsizdirlər.

Google+ WhatsApp ok.ru