İSLAMIN İFFƏTSİZLİKLƏ MÜBARİZƏSİ-2

İSLAMIN İFFƏTSİZLİKLƏ MÜBARİZƏSİ-2

DOQQUZUNCU SƏCİYYƏ: İFFƏT VƏ SAFLIQ

İslam iffətsizliyin qarşısını almaq üçün xüsusi göstərişlər verdiyi kimi, iffətsiz işlərlə məşğul olanlarla da ciddi mübarizə aparır və bütün müsəlmanları bu müqəddəs mübarizəyə təşviq edir. Biz burada bu haqda bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:

a) Pak insanlar napaklarla (əxlaqsız və s.) evlənməzlər: Bu haqda “Nur” surəsinin 3-cü ayəsində buyurulur:

الزَّانِي لَا يَنكِحُ إلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ وَحُرِّمَ ذَلِكَ عَلَى الْمُؤْمِنِينَ

“Zinakar kişi zinakar və ya müşrik qadından başqası ilə evlənməz və zinakar qadını zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilib.”

Bu ayə ilə bağlı üç incə mətləb diqqəti cəlb edir:

1. Zinakar, istər kişi olsun, istərsə də qadın, müşrik və bütpərəstlə yanaşı qeyd edilir və bu böyük günaha batıb tövbə etməyənlər Allaha şərik qoşanlarla eyni səviyyəyə enirlər.

2. Möminlər zinakarlara qarşıdır və bu da zinakar və ya iffətsiz işlərə qurşananların imansızlığını aşılayır. (“Səfinətül-bihar”, 3-cü cild, səh.504.)

3. Möminin zinakarla evlənməsi haramdır.

Bu məsələdə (3-cü məsələ) təfsirçilər arasında iki nəzər mövcuddur:

1. Məqsəd şəri yox, təbii prosesdən yaranan haramdır; yəni mömin möminlə evləndiyi kimi, zinakar da əməli olaraq özü kimi zinakar və ya müşrikə meyil göstərir və nəhayət, onlarla evlənir. Bir sözlə, ayədə şəri göstəriş yox, təkvini-təbii haram və qarşıdurmadan söz gedir.

2. Ayədə şəri haram nəzərdə tutulur, yəni zinakarla mömin əsla evlənə bilməz. Amma tövbə edənlərin və keçmiş günahlarından əl çəkib peşman olanların isə hökmü dəyişilir və artıq möminlərlə evlənə bilərlər.

b) Dünya və axirətdə zinanın ağır nəticələri: Zina və iffətsizliyin ağır və pis nəticələri ilə bağlı nəql olunan hədislərdə bu yolun yolçularına çox ciddi xəbərdarlıqlar verilir. Məsələn, Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) buyurub: “Zina və iffətsizliyə qurşananlar dünya və axirətdə altı bədbəxtliyə düçar olarlar (ki, üçü bu dünyaya, üçü isə axirətə aiddir). Dünyada məruz qalacaqları bədbəxtliklər bunlardır: 1. Ondan iman nuru çəkilər; 2. Gənc ikən ölər (qəfil ölüm); 3. Ruzisi azalar. Axirətdə məruz qalacaqları bədbəxtliklər isə bunlardır: 1. Qiyamət günü hesabı (sorğu-sualı) çətinləşər; 2. Allahın qəzəbinə gələr 3. Cəhənnəmdə əbədi qalar.” (“Səfinətül-bihar”, 3-cü cild, səh.504.)

Doğrusu, zinanın dünya və axirətlə bağlı nəticələri olduqca qorxulu və çətindir. Bu hədislə bağlı qarşıya çıxan iki mühüm sualı cavablandırmaq zəruri nəzərə çarpır:

Birinci sual: Hədisdə qeyd edilən “hesabı (sorğu-sualı) çətinləşər” – ibarəsində məqsəd nədir? Allah-Taala qiyamət günü bəndələrin hesab-kitabını çətinləşdirirmi? Hesab-kitabın və sorğu-sualın çətinliyi Allah-Taalanın ədalət və hikməti ilə uzlaşırmı?

Cavab: Hesab-kitab və sorğu-sualın çətinliyi dedikdə, güzəştsiz mühakimə nəzərdə tutulur ki, bu da Allah-Taalanın hikmət və ədalətinə zidd yox, əksinə eyni ədalətdir.

İkinci sual: Bildiyimiz kimi, kafirlər, müşriklər və imansız insanlar cəhənnəmdə əbədi qalacaqlar. Amma tövbə etməyən zinakar müsəlmanın cəhənnəmdə əbədi qalması insafdırmı?

Cavab: Həqiqətdə, tövbə etməyən zinakar şəxs dünyadan imansız gedir. Çünki imanla iffətsizlik bir-birinə ziddir və bu isə elə də qəribə bir məsələ deyil.

c) Zinakar qadının körpəyə süd verməsi qadağandır: Bəzən İslam zor tətbiq etmədən iffətsiz əməlin qarşısını almaq istəyir və hətta zinadan əmələ gələn körpənin ana südündən istifadə etməsinə icazə vermir. İmam Kazim (ə) iffətsiz əməl – zina nəticəsində hamilə olub uşaq dünyaya gətirən bir qadın barəsində soruşulan – “Südəmər uşaq həmin qadının südündən əmsin, ya yox?” suala belə cavab verir: “O qadının uşağına süd verməyə haqqı yoxdur. Nəinki o, hətta onun (zinadan doğulan) qız uşağı belə boya-başa çatıb evləndikdən sonra dünyaya gətirdiyi uşağa da süd verə bilməz!” (“Cəvahirul-kəlam”, 29-cu cild, səh.308.)

İrad: Əgər ilahi bəndələrə xas spesifik xüsusiyyətlərin, məxsusən, uyğun xüsusiyyətin – iffət və saflığın hər kəsin asanlıqla əldə edə bilmədiyi daha yüksək məqamlara aid olduğunu göstərirsə, iffətsizlikdən qorunmağı yalnız onlara mənsub edə bilmərik. Məsələn, heç də demək olmaz ki, namaz qılıb oruc tutmaq, şərab və qumardan çəkinmək yalnız Allahın həqiqi bəndələrinə aiddir. Çünki bu kimi işlər və onlara riayət etmək hər bir müsəlmanın vəzifəsidir.

Cavab: İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisə əsasən, zinanın müxtəlif qisimləri var və yalnız iffətə zidd əməllə bitmir. Demək, Allahın həqiqi bəndələri onun bütün qisimlərindən uzaqlaşanlardır. Həmin hədisdə belə deyilir: “İnsanın hər bir üzvü zina edə bilər; gözün zinası (pis və ehtiraslı) baxışdır, ayağın zinası iffətsiz məclislərə doğru hərəkətdir, qulağın zinası isə nalayiq sözlərə qulaq asmaqdır.” (“Kənzül-ümmal”, 5-ci cild, hədis 13026.)

Göründüyü kimi, insanın hər bir orqanı, hətta fikri və qəlbi belə, iffətsiz əmələ aludə ola bilər. İnsanın pis düşüncəsi, çirkin səhnələrin təsəvvürü də iffətsizlik nümunələrindəndir. Bu hədisə diqqət yetirməklə zinanın daha geniş məna kəsb edərək iffətsizliyin bütün növlərini əhatə etdiyi qənaətinə gəldikdə, ilahi bəndələrin daha dərin təsəvvürə malik olduqları məlum olur və hətta fikir və düşüncələri belə bu əmələ aludə olmur. Zinanın bütün yönlərindən paklıq isə böyük iftixardır ki, Allahın həqiqi bəndələrindən başqalarına nəsib olmur. (“İlahi bəndələrin səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.129-132.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru