İslami yaşam təfəkkürünün yenilənməsi-3

İslami yaşam təfəkkürünün yenilənməsi-3

Dini düşüncəmiz islah olunmalıdır. Din barədə təfəkkürümüz yanlışdır. Cürətlə deyə bilərəm ki, ibadət və ticarətlə bağlı bir neçə məsələ istisna olmaqla, din barədə düzgün anlayışımız yoxdur. Nə bu haqda düşünür, nə də kitab, qəzet, məqalə və minbərlərdə ondan söz açırıq. Biz başqalarının müsəlman olmasından daha çox özümüz barədə düşünməliyik.

Dünyaya hakim siyasət İslamın yarı ölü və yarı diri qalmasını istəyir; nə ölsün, nə də diri qalsın. Yəni mövcud vəziyyəti qoruyub-saxlasın. Əlbəttə, demək istəmirəm hegemon qüvvələr bizi bu vəziyyətə salıb. Biz özümüz-özümüzü bu hala salmışıq, onlar sadəcə əllərindən gələni edirlər ki, bizi bu vəziyyətdə saxlasınlar. Peyğəmbər (s) buyurur: "Əgər bidətlər (dində olmayanlar) aşkar olarsa, alimə öz elmini aşkar edib onlarla mübarizə aparmaq vacibdir. Əgər (həmin alim) bu işi görməzsə, Allahın lənəti olsun onun üzərinə." ("Kafi", c.1, səh.54.)

Bu mübarək hədis dinin dirçəltmə vəzifəsinin, təhrif və bidətlərlə mübarizə yolunin ilk növbədə alimlərin öhdəsində olduğunu bəyan edir. Bizım hazırda hər şeydən çox dini və islami oyanışa ehtiyacımız var. Dini təfəkkürün yenilənməsinə və islami aydınladan hərəkata ehtiyacımız var. ("Dəh qoftar", səh.143-150.)

Dinin yenilənmə və dirçəlmə ideyasının təəssüfedici bir tarixçəsi var. Qədimdən bir qrupun etiqadı bu idi ki, hər yüz, ya min ildə dini yeniləyən və dirçəldən bir nəfər olmalıdır. Bu etiqad İslam Peyğəmbərinə (s) nisbət verilən hədisə əsasən yaranmışdır: "Həqiqətən, Allah hər yüz ildə bu ümmət üçün dini yeniləyən bir şəxs göndərir."

Bu hədis (bizim alimlərin kitabları da daxil olmaqla) kitablarda təkrar-təkrar qeyd edilib.

Bizim araşdırmalarımıza görə:

1. Hədisin sənəd baxımından nöqsanı var. Heç bir şiə mənbəyində bu hədisin qeyd edilməməsi onun düzgün (səhih) olmaması üçün ən tutarlı dəlildir. Bu hədis Əbu Davudun "Sünən" və Hakim Nişapurinin "Müstədrək" kitabında qeyd edilmişdir. Ola bilsin, Hakim Nişapuri onu Əbu Davudun "Sünən" kitabından nəql etmişdir, özü də yalançı Əbu Hüreyrənin nəqli ilə. Sonra hədis yavaş-yavaş şiə kitablarına da keçmişdir.

2. Hədis məzmun və mətn baxımından tarixlə uzlaşmır. Bəzi əhli-sünnə alimləri hər əsr üçün dini yeniləyən və dirçəldən bir şəxsin adını qeyd etmiş və bəzi şiə alimləri də (hədisin Əbu Hureyrədən nəqlini, onun etibarsız olduğunu və tarixlə uzlaşmadığını demək əvəzində) bunu həqiqət sanmışlar.

Birincisi, hədisin silsilə sənədlərində göstərilən şəxslərin çoxu 1-ci əsrlə uyğun gəlmir; ikincisi, İmam Hüseyn(ə) və İmam Sadiq (ə) kimi şəxsiyyətlər onların uydurma hesabları ilə uyğun gəlmədiyi üçün onları dini yeniləyən sırasında qeyd etməmişlər, halbuki bu iki böyük şəxsiyyət daha çox dini dirçəldən hesab edilməlidirlər. Bundan əlavə, bir çox alimlər dinə daha çox xidmət etdiklərinə baxmayaraq, bu siyahıda yoxdurlar və günahları da yalnız əsrin ortalarında yaşamalarıdır. Şeyx Tusi, Şeyx Mürtəza Ənsari və s. aliməri buna misal göstərə bilərik. Daha maraqlısı isə budur ki, bəziləri Məmun və Şah İsmayil Səfəvi kimi xəlifə və soltanları da bu siyahıda qeyd etmişlər. Şükür etməliyik ki, Çingiz xanı İslam dininin dirçəldənlərindən hesab etməmişlər... (Bu məqalə islamşünas filosof Şəhid Mürtəza Mütəhhərinin düşüncələri əsasında hazırlanmışdır.)

 

Ardı var...

 

Musa Hüseynli – Maide.az

Öncəki yazını BURADAN əldə edə bilərsiz. 

 

Google+ WhatsApp ok.ru