İslami yaşam təfəkkürünün yenilənməsi-4

İslami yaşam təfəkkürünün yenilənməsi-4

Yüz ildə bir nəfər dini yeniləyənin gəlməsi fikri min ildə dini dirçəldənin gəlməsi düşüncəsinin formalaşmasına zəmin yaratdı. Bəzi islami xəyalpərəstlər bu düşüncənin aşağıdakı Quran ayələri ilə uyğunlaşdırmağa çalışdılar:

...وَإِنَّ يَوْمًا عِنْدَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِمَّا تَعُدُّونَ

«Həqiqətən, sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir.» («Həcc», 47.)

يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِمَّا تَعُدُّونَ

«O, bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar).» («Səcdə», 5.)

Bir qrup azdıran dəstə bu ayədə tədbirdən məqsədin yenilənmə olduğu və hər min ildən bir nəfər din yeniləyənin gəlməsini dedi. Əlbəttə bunlar boş sözlərdir. Bu zəhərli fikirlər bizim zehnlərimizdə yer almaması üçün onları zehnlərimizdən uzaqlaşdırmalıyıq. Uzaqlaşdırmasaq, heç vaxt düşüncəmiz canlanmayacaq.

Görün, Əbu Davudun "Sünən" kitabında Əbu Hüreyrənin bir sözü əhli-sünnədə necə çaxnaşma yaradır və sonradan şiə alimləri də onu öz kitablarında işlədirlər. Yaxud bir fırıldaqçı şəxs Peyğəmbərin (s) adından bir cümlə uydurur və şiə kitablarına istinad edərək şiənin əleyhinə irad tutur. Şiə alimi də həmin sözün mənbəsini araşdırmaq əvəzinə onu doğru sanır və şübhəyə cavab verir. Sonra yüzlərlərlə insan həmin şiə aliminin kitabını oxuyur və uydurulmuş hədisi də qəbul edirlər. ("İslam və zamanın ehtiyacları", c.1; səh.380-388; "Dəh qoftar", səh. 135-141).

Qayıdaq Əbu Hüreyrədən olan hədisə ("Həqiqətən Allah hər yüz ildə bu ümmət üçün dini yeniləyən bir şəxs göndərir"):

1. Hədisin sənədi mötəbər deyil;

2. Tarixlə uyğunlaşdırma doğru deyil;

3. Dinin dirçəlməsinin əhəmiyyəti ilə dini şəxsiyyətlərin dirçəlməsinin ehtiramı arasında fərq var.

Bundan əlavə, həmin şəxsiyyətlərə diqqət etmək dində bidətlərin yaranmasına səbəb olmuşdur. ("Yaddaşthaye-Ustad Mütəhhəri", c.1, səh.164.)

Dində islahatçının olmasını inkar etmirik. İslam dinində islahatçı mövcuddur, ancaq islahat iki növdür:

1.Tamamilə və dünya miqyasında olan islahat. Bu növ islahatçı Həzrət Məhdidir (ə.f) və bu vəzifə yalnız o Həzrətə aiddir, spesifikdir.

2. Bidətlərlərlə mübarizə ilə xüsusi islahat. Bu, bütün insanların vəzifəsidir və bütün ərslərdə islahatçı insanlar tapılır. Allah-Taala bu şəxslərin hər yüza, ya min ildə olmasını iradə etməmişdir. ("İslam və zamanın ehtiyacları", c.1; səh.377-388.)

Bu məsələyə (yüz, ya min ildə dini yeniləyən bir şəxsin gəlməsinə) etiqad bəsləməyin mənfi təsirlərindən biri budur ki, camaat həmişə bir şəxsin intizarında olur və sadəlövh insanları aldatmaq üçün bəhanə ardındadır. İlahi sünnə isə bunun əksinədir: "Həqiqətən, Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir..." ("Rəd", 11.)

İlahi sünnə insanlara öz eyiblərini, əqli, əxlaqi və praktiki nöqsanlarını xatırladır və onları ayıq-sayıq edir. ("Yaddaşthaye-Ustad Mütəhhəri", c.1; səh.172.)

Bütün cüzi və külli islahatları qeybdə olan islahatçıdan gözləməyimiz ən yanlış düşüncədir. (Həmin mənbə; səh.169.) Bu düşüncə əsasında şiə aləmində böyük bir azğınlıq yarandı və bir qrup bu boş və mənasız düşüncələr vasitəsi ilə dindən ayrıldı.

Xeyr! Belə bir şey yoxdur ki, yüz, ya min ildə bir nəfər dini dirçəldən və yeniləyən bir şəxs gələcək. Bu mətləb yalnız İmam Məhdi (ə.f) barədədir və onun islahatı bütün dünyaya aiddir, şiə aləminə deyil. O (ə.f), bütün aləmin islahatçısıdır və onun gəlişi barəsində də vaxt təyin etməyə haqqımız yoxdur. ("Vaxt təyin edənlər yalançıdırlar." "Kafi", c.1, səh.368.) Vaxt təyin edənlərdən qorxun və onları təkzib edin.

Sizin və bizim vəzifəmiz yalnız həyətimizi, evimizi və şəhərimizi işiqlandırmaqdır. Dünyanın işiqlanması bizim ixtiyarımızda deyil. Günəş doğmalıdır ki, bütün aləm işiqlansın. ("Dəh qoftar", səh.142-143; Bu məqalə islamşünas filosof Şəhid Mürtəza Mütəhhərinin düşüncələri əsasında hazırlanmışdır.)

 

Ardı var...

 

Musa Hüseynli – Maide.az

 

Öncəki yazını BURADAN əldə edə bilərsiz. 
 

Google+ WhatsApp ok.ru