İslamçıların Hüquqlarının Müdafiə Komitəsi AİP lideri Mövsüm Səmədovla bağlı həyəcan təbili çaldı

İslamçıların Hüquqlarının Müdafiə Komitəsi AİP lideri Mövsüm Səmədovla bağlı həyəcan təbili çaldı

İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin fövqəladə iclası keçirilib.

 

İslaminSesi xəbər verir ki, iclasın əsas mövzusu həbsdə olan AİP lideri Mövsüm Səmədova qarşı son günlər yönələn təzyiqlər və onun karsa salınması olub. Tədbirdə siyasi xadimlər, hüquq müdafiəçiləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

 

Eldəniz Quliyev: "Azərbaycanın ziyalıları, ictimai fikir sahibləri baş verən özbaşınalıqlara münasibət sərgiləməli və mövqe ortaya qoymalıdırlar. Çünki biz susduqca repressiv hərəkətlər daha şiddətli hal alacaq"

 

İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Eldəniz Quliyev iclası açaraq bildirib ki, son zamanlar xüsusən inanclı kəsimə qarşı hakimiyyətin represiyası artıb: “Həbsdə olan Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədova qarşı son bir neçə gündə baş verənlər bunun bariz nümunəsidir. Bildiyiniz kimi Doktor Səmədov Qobustan Qapalı Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Köçürüldükdən sonra ona qarşı təzyiqlər artıb. Bir neçə dəfə karsa salınıb. İndi isə 2 ay müddətinə kars cəzası verilib. Bu da onu deməyə əsas verir ki, hakimiyyətin Doktor Səmədovu yenidən Qobustan Qapalı Təcridxanasına göndərmək niyyəti var. Görünən odur ki, hakimiyyət Hacı Mövsüm Səmədovun fiziki məhvinə çalışır. 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinin Doktor Səmədovu dövlətin düşməni adlandırması birbaşa olaraq hakimiyyətin mövqeyinin göstəricisidir. Ona görə də, Azərbaycanın ziyalıları, ictimai fikir sahibləri baş verən özbaşınalıqlara münasibət sərgiləməli və mövqe ortaya qoymalıdırlar. Çünki biz susduqca repressiv hərəkətlər daha şiddətli hal alacaq”.

 

Eldəniz Quliyev bildirib ki, baş verən hadisələrlə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək və etiraz bəyanatı hazırlayacaqlar: “ Biz hər birimiz bu məsələlərdə qəti mövqe bildirməliyik”.

 

Rövşən Əhmədli: : "Doktor Səmədovun qanunsuz həbs edildiyini hər kəs bilir. Hətta həbsxanada da onun normal yaşamasına imkan verilmir və təzyiqlərə məruz qalır"

 

Daha sonra Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli çıxış edib. O, bildirib ki, hakimiyyətin apardığı siyasət başa düşüləndir: “ Çünki ölkədə azad fikir, azad düşüncə təqib olunur. Hakimiyyət hətta insanların haqsızlığa qarşı etirazını cinayət hesab edir. Ən ali qanun olan konstitusiyaya müxtəlif dəyişikliklər edilir ki, bu birbaşa konstitusiyaya ziddir. Ən çox dəyişikliklər əsasən dini ayinlərin icrası ilə bağlı həyata keçirilir və qanunlar sərtləşdirilir. Bu gün Azərbaycan həbsxanalarında dünyanın heç bir ölkəsində olmayan məhbus kateqoriyalarına rast gəlinir. “Namaz məhbusu”, “Hicab məhbusu”, “Vicdan məhbusu”, “Siyasi məhbus”, “Facebook məhbusu” və digər adda məhbuslar həbsxanalarda cəza çəkirlər”.

 

Rövşən Əhmədli AİP liderinin ətrafında baş verənlərə də münasibət bildirib. O, qeyd edib ki, Doktor Səmədovun qanunsuz həbs edildiyini hər kəs bilir. Hətta həbsxanada da onun normal yaşamasına imkan verilmir və təzyiqlərə məruz qalır. Bizə məlumdur ki, “Real” sədri İlqar Məmmədov və digər siyasi məhbuslara qarşı da eyni cür münasibət sərgilənir. Ona görə də, biz bu cür hallara qarşı birgə mübarizə aparmalı və etiraz səsimizi ucaltmalıyıq”.

 

Hacı İlham Əliyev:  "Biz baş verənlərə öz etirazımızı bildiririk və bundan sonra da Mövsüm Səmədovun hüquqlarının müdafiəsi ilə bağlı əlimizdən gələni edəcəyik "

 

Sonra çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev tədbir təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi. Azərbaycanın ictimai-siyasi durumunun arzu edilən vəziyyətdə olmadığını söyləyən Hacı İlham Əliyev bildirdi ki, vəziyyət günü-gündən daha da pisləşməyə doğru gedir:


“Təzyiqlər və repressiya həm inanclı kəsimə, həm də ki, digər fəallara və vətəndaşlara qarşı baş verir. Bu gün Azərbaycan insanı öz hüquq və azadlıqlarından layiqincə istifadə edə bilmir. Problemlər aradan qaldırılması üçün cəmiyyətin birgə fəaliyyət göstərməsi zəruridir. Lakin son vaxtlar ölkənin ruhanilərinə qarşı baş qaldıran repressiya xüsusilə geniş vüsət alıb.”

 

Hazırda Azərbaycanın durumunun 1937-ci illəri xatırlatdığını söyləyən Hacı İlham Əliyev, “37-ci illərdə Azərbaycanın olduqca böyük şəxsiyyətləri, ruhaniləri və ziyalıları kommunist rejimi tərəfində repressiyaya məruz qalaraq aradan götürüldü. Sanki cəmiyyətə faydalı ola biləcək və onların önünə işıq salacaq şəxslərin hamısı sürgün, işgəncə və.s kimi hallarla yoxa çıxartdılar. Hədəfdə kommunist ideologiyasını öz istədikləri kimi insanların beyninə yeritmək idi”, - deyə bildirdi: 
“Bu gün də həmin ssenarinin davamı həyata keçirilir. Ölkənin səlahiyyətli orqanları cəmiyyətə faydalı olacaq ruhaniləri, ziyalıları, böyük şəxsiyyətləri gülünc ittihamlarla zindanlara salırlar. Artıq vəziyyət o yerə çatıb ki, həqiqi din xadimini və ruhanini məsciddə namaz qıldığına, cümə xütbəsi oxuduğuna görə məhkum edib zindana salırlar. Əgər dünənə qədər din xadimi silah, narkotik və digər saxta ittihamlarla həbsə atılırdısa, bu gün artıq həmin insanlar elə namaz qıldıqları və ibadət etdikləri üçün həbs olunurlar. Artıq qanunları da bu istiqamətdə dəyişiblər və öz maraqları üçün istifadə edirlər.”

 

Mövsüm Səmədovun durumu ilə bağlı da açıqlama verən AİP-in sədr əvəzi bildirdi ki, bu gün sözün əsl mənasında Doktor Səmədovun canına qəsd edilir:


“Bir çox təşkilatlara və hüquq müdafiəçilərinə Mövsüm Səmədovla bağlı müraciət etmişik və onunla ciddi maraqlanmalarını istəmişik. Artıq həbsxana rəhbərliyi də aşkar formada deyir ki, Mövsüm Səmədovu yenidən Qobustana göndərmək istəyirik. Biz baş verənlərə öz etirazımızı bildiririk və bundan sonra da Mövsüm Səmədovun hüquqlarının müdafiəsi ilə bağlı əlimizdən gələni edəcəyik.” 

 

Namizdə Səfərov:  "Təəssüf ki, hakimiyyət heç bir günahı olmayan, siyasi və dini baxışlarına görə həbs olunan şəxslərə qarşı repressiv əməllərini həbsxanalarda da davam etdirir. AİP lideri Doktor Səmədova qarşı yönələn təzyiqlər bunu bir daha sübuta yetirir."

 

Hüquq müdafiəçisi Namizəd Səfərov da çıxışında ölkədə vəziyyətin acınacaqlı olduğunu vurğulayıb: “Azərbaycanda elə bir təbəqə yoxdur ki, represiyaya məruz qalmasın. Din xadimləri, siyasətçilər, sözünü deməyi bacaran adi insanlar, hətta haqqını istəyən tələbələr də hakimiyyətin repressiya maşınının qurbanına çevrilirlər. Bu gün cəmiyyətdə baş verən özbaşınalıqları deyən din xadimləri, inanclılar təzyiqlərə məruz qalırlar. Təəssüf ki, hakimiyyət heç bir günahı olmayan, siyasi və dini baxışlarına görə həbs olunan şəxslərə qarşı repressiv əməllərini həbsxanalarda da davam etdirir. AİP lideri Doktor Səmədova qarşı yönələn təzyiqlər bunu bir daha sübuta yetirir. Ona görə də, biz ictimaiyyətin diqqətini bu məsələlərə yönəltməli və birgə mübarizə aparmalı, eləcə də beynəlxalq təşkilatlara hakimiyyətin özbaşınalıqları ilə bağlı dolğun məlumatlar çatdırmalıyıq”.

 

Oktay Güləliyev: "Azərbaycan hökumətinə qarşı beynəlxalq səviyyədə təpkilər artmalıdır. Bu təpkilərin artmasında ilk növbədə Azərbaycan xalqı aktiv olmalıdır."  

Hüquq müdafiəçisi Oktay Gülalıyev də dəyirmi masada çıxış edərək siyasi məhbuslarla bağlı son günlər baş verənlərə münasibət sərgiləyib. O, bir müddət öncə imzalanan əfv sərəncamına fikir bildirib. Əfvə düşən məhbuslar arasında ağır cinayət törədənlərin olduğunu deyən Oktay Gülalıyev, heç bir günahı olmayan siyasi məhbusların əfvə olunmadığına diqqət çəkib: “Azərbaycan hökumətinə qarşı beynəlxalq səviyyədə təpkilər artmalıdır. Bu təpkilərin artmasında ilk növbədə Azərbaycan xalqı aktiv olmalıdır. Həmçinin xalqın aparıcı kəsimi olan siyasi təşkilatlar, hüquq müdafiəçiləri fəallıq nümayiş etdirməlidirlər”.

 

Hacı Akif Heydərli: " Siyasi partiya olaraq daima haqqın və həqiqətin müdafisəində durmuşuq. Mövsüm
Səmədovun sonuncu dəfə 2 aylıq müddətinə karserə salınmasının da səbəbi digər bir məhbusa edilən zülmə və işgəncəyə etiraz etməsi, onu müdafiə etməsi olub "

 

Sonra çıxış edən AİP funksioneri Hacı Akif Heydərli bildirdi ki, AİP fəaliyyətə başladığı dövürdən indiyə qədər daima hakimiyyət tərəfindən təzyiqlərə məruz qalıb: “Bu günə qədər ölkədə baş verən hər bir haqsızlığa öz etirazımızı bildirmişik. Siyasi partiya olaraq daima haqqın və həqiqətin müdafisəində durmuşuq. Mövsüm Səmədovun sonuncu dəfə 2 aylıq müddətinə karserə salınmasının da səbəbi digər bir məhbusa edilən zülmə və işgəncəyə etiraz etməsi, onu müdafiə etməsi olub.”

 

Ölkə ziyalılarının Mövsüm Səmədovla görüşməsini arzu etdiklərini söyləyən AİP funskioneri, “bir neçə il bundan öncə ziyalılardan birinin Mövsüm Səmədovla görüşünü təşkil edə bilmişdik. Görüşdən sonra həmin ziyalı bir həftə get-gəl edərək bildirdi ki, siz hələ Doktor Mövsüm Səmədovun şəxsiyyətini tanımamısız və o olduqca dəyərli bir insandır”, - deyə bildirdi: “Bizim də istəyimiz budur ki, çox insanlar onunla görüşə bilsin və onun şəxsiyyətinin cəmiyyətə aşkar olmayan tərəfləri ilə yaxından tanış olsunlar. Şeyx Sərdar Hacıhəsənli ilə bağlı da eyni sözləri deyə bilərik. Hacı Sərdar Hacıhəsənli çıxışları sanki cəmiyyət üçün işıq rolunu oynayırdı ki, insanlar həmin çıxışlara qulaq asdıqca qarşılarındakı maneələri və çirkinikləri çox rahat formada görürdülər. Hakimiyyət üçün belə bir vəziyyət arzu edilən olmadığına görə, onu da həbs etdilər. “

 

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru