İslam ölkələri bir araya gəldi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü ilə müsəlman ölkələrinin yüksək vəzifəli nümayəndələri Brüsseldə görüş keçiriblər.

İƏT-in Avropa İttifaqı yanında müşahidə missiyasının rəhbəri, azərbaycanlı diplomat, səfir Arif Məmmədovun sədrliyi ilə keçən görüşün əsas müzakirə mövzuları Fələstində son vəziyyət və Brüsseldə keçirilməsi planlaşdırılan Beynəlxalq Fələstinlə Həmrəylik Gününə hazırlıq olub.

Fələstinin Belçikadakı səfiri xanım Leyla Şahid Fələstinin dəstəyə ehtiyacı olduğunu bildirib və Avropada, xüsusilə də Böyük Britaniya və İsveçdə Fələstinin dövlət kimi tanınması istiqamətində atılmış addımlardan məmnunluğunu ifadə edib. O, İsrail Knessetin Al-Aksa məscidinə girişə qoyduğu məhdudiyyətlərdən də narahat olduğunu söyləyib.

Misir səfiri Ehab Favzi Qəzzanın yenidənqurmasına lazım olan səylərdən danışıb və bu məqsədlə keçirilmiş Qahirə Donor Konfransının təffərrüatlarını bölüşüb.

Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) Aİ yanındakı nümayəndəliyinin direktoru Mattias Burxard Fələstindən olan qaçqınların say etibarilə rekord həddə çatdığını və müharibənin törətdiyi çətinliklərin bu məsələni daha acınacaqlı etdiyini bildirib. O, bu il noyabrın 27-29-da Nyu-Yorkda UNRWA-nın arxivindən olan foto-şəkillərdən ibarət sərginin təşkil olunacağını da xəbər verib.

Diplomatlar Brüsseldə keçirilməsi planlaşdırılan Beynəlxalq Fələstinlə Həmrəylik Gününə hazırlıq işlərini müzakirə ediblər.  ANSpress /

 

Google+ WhatsApp ok.ru