İslam məzhəbləri ilə tanışlıq

İslam məzhəbləri ilə tanışlıq

Peyğəmbər (s) və onun məsum Əhli-beyti (ə) Quranın elmi əsaslarını yaşadaraq, cəmiyyətdə müqəddəs İslam dininin inqilabi və parlaq mədəni təməlinin əsasını qoymuşlar. Yaşadıqları cəmiyyətdə şəriət qanunlarının əməli olaraq, öz yerini tapması üçün İslam maarifini geniş surətdə təbliğ etmiş və insanların təlim-tərbiyəsində əllərindən gələni əsirgəməmişlər.
Müasir dövrdə də istismarçı qüvvələrin ruhaniyyətə, dini-elmi mərkəz və məktəblərə qarşı qərəzli mövqe tutmalarına, həmçinin mübarizə və fəaliyyətlərin qarşısını amansızcasına almalarına baxmayaraq, o öz təkamül yolunu davam və inkişaf etdirir. Güclü elmi təməli olan bu ilahi din zühur etdiyi ilk gündən müxtəlif nəsillərin ehtiyacını ödəmiş, bəşər tarixində dost və düşmənlərin sual və şübhələrinin aradan qaldırılmasına nail olmuş və göstərilən müqavimətlər qarşısında özünün daimi irəliləyişini, bacarıq və mülayimliyini açıq-aşkar biruzə verə bilmişdir.
Böyük nailiyyətlər əldə etmiş dini-elmi məktəblər hal-hazırda aşağıdakı xüsusiyyətlərə malikdirlər:
1. İslam maarifinin bütün sahələrində ardıcıl olaraq elmi-tədqiqat və araşdırmaların aparılması;
2. İslami irs olan dərin düşüncə və təfəkkür tərzini qoruyub saxlamaqla yanaşı, bir çox elmi məsələlərdə yeni-yeni axtarışların aparılması, şagirdlərə zaman və şəraitə uyğun olan mətləblərin tədris olunması və dərsliklərin müasir tələbləri ödəyəcək üsullarla nəşr edilməsi;
3. Quranın elmi üslublarına və əqli dəlillərə istinad edərək qarşıya çıxan suallara məntiqi cavabların verilməsi, dövri təlabat və əlaqədar mövzularla tanışlıq.
Bu vaxta qədər bir çox ölkələrin elm və təhsil mərkəzləri görkəmli alim və tədqiqatçıların araşdırmalarından istifadə etməklə, təhsildə yeni-yeni tədris üslubu və proqramlar tərtib etmişlər. Müasir kitabların hazırlanması, nəşr və tədris üsullarının həyata keçirilməsində aşağıdakı qaydalara daha çox diqqət yetirmişlər:
a) Təyin olunmuş proqramlar əsasında hər bir dərsin tədris olunmasına riayət etmək;
b) Müxtəlif mərhələlərdə tədris olunan kitabların bir-biri ilə bağlılığı, ifrat və təfritə varmamaq;
v) Tədrisin bütün mərhələlərində şagird və tələbələrin elmi səviyyələrinin nəzərə alınması;
q) Tədris olunan kitabın yazı və tərtibat üslubuna diqqət yetirmək.
Qarşınızdakı bu kitab İslam məzhəbləri ilə tanışlıq məqsədilə hörmətli alim Seyyid Əhməd Mahmudi tərəfindən yazılmışdır. Müəllifə və ümumiyyətlə kitabın hazırlanmasında zəhmət çəkən bütün həmkarlara dərin minnətdarlığımızı bildiririk.

Google+ WhatsApp